Modern.az

FHN-nin akademiyasına kursant qəbulu elan olundu - VİDEO

FHN-nin akademiyasına kursant qəbulu elan olundu - VİDEO

Aktual

29 Fevral 2024, 11:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2024/2025-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

 

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

 

Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə, Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

 

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

 

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

 

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

 

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...