Rusiya İranla ABŞ arasındakı münaqişənin həlli yollarının axtarışına dəstək verməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda bildirib.
Lavrov Moskvanın İranın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün diplomatiyaya üstünlük verməsini alqışladığını deyib. O, Fars körfəzi və Hörmüz boğazında böhrandan əvvəlki vəziyyətin bərpasının, o cümlədən gəmiçilik azadlığının təmin edilməsinin və təcavüzün təkrarlanmayacağına dair zəmanətlərin vacibliyini vurğulayıb.
Nazir Rusiyanın İranla əldə olunmuş razılaşmalardan, o cümlədən atom energetikası sahəsindəki əməkdaşlıqdan imtina etmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Moskva iqtisadiyyat və investisiya sahələrində razılaşmalara sadiqdir. Rusiyalı mütəxəssislər tədricən “Buşehr” Atom Elektrik Stansiyasına qayıdırlar.
Lavrov iki ölkənin karbohidrogenlər sahəsində əməkdaşlığı üçün geniş perspektivlərin olduğunu da qeyd edib. O, İran Prezidenti Məsud Pezeşkianın oktyabrın sonunda Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun sammitində iştirakına ümid etdiklərini bildirib.