Dini icmaların qlobal mənzil böhranının həllində əməkdaşlıq, ədalət, mərhəmət və məsuliyyət prinsipləri əsasında mühüm rol oynaya bilər.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada ABŞ-nin Mənzil Bərabərliyi və İnkişafı təşkilatının təsisçisi və rəhbəri Chris Elisara bildirib.
O qeyd edib ki, bu həftə “Faith Pavilion Call to Action on Housing” adlı çoxkonfessiyalı çağırış sənədi təqdim olunub:
“Sənəddə bildirilir ki, hər bir insan müqəddəs və ayrılmaz ləyaqətə malikdir və təhlükəsiz, etibarlı, əlçatan mənzilə çıxış hüququna sahibdir. Bu çağırış dini icmaların qlobal mənzil böhranının həllində əməkdaşlıq, məsuliyyətli idarəetmə, ədalət və məlumatlı fəaliyyət vasitəsilə oynaya biləcəyi mühüm rolu təsdiqləyir”.
O çıxışı zamanı iki əsas tövsiyə də səsləndirib: “BMT-Habitat ilə dini təşkilatlar arasında davamlı və rəsmi əməkdaşlıq mexanizmləri yaradılmalıdır. Bu əməkdaşlıq çərçivəsində Faith Pavilion, dini təşkilatların təşəbbüsü ilə yaradılan beyin mərkəzləri, həmçinin BMT-Habitat-ın işçi qrupları və icra platformalarında iştirak praktiki fəaliyyətə keçidi sürətləndirə bilər”.
Nümayəndə əlavə edib ki, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədi 11 üzrə qarşıdakı 10 illik baxış prosesi yüksək səviyyəli etimad quruculuğu üçün imkan yaradır.
“Şəhərsalma mütəxəssisləri, yerli hökumətlər, BMT-Habitat, parlamentlərarası birliklər və dini təşkilatlar ortaq məqsədlər ətrafında birləşərək əməkdaşlığı daha da gücləndirməlidir. Biz paralel gündəlik tələb etmirik, ortaq gündəliyin həyata keçirilməsinə dəstək verməyə hazırıq”, - deyə o əlavə edib.