Modern.az

Köçərlidə 1349 sakinin su problemi həll olundu

Köçərlidə 1349 sakinin su problemi həll olundu

Aktual

Bu gün, 09:37

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağstafa rayonunun Köçvəlili kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirlib ki, açılış mərasimində ADSEA-nın sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Layihə çərçivəsində Köçvəlili kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə mövcud su təchizatı sistemi genişləndirilərək yeni su xətləri inşa edilib. Bu məqsədlə yaşayış məntəqəsində ümumilikdə 3,5 km uzunluğunda su xətti çəkilib və 296 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan səmərəli istifadə olunması məqsədilə hər bir abonent su sayğacı ilə təmin edilib.

Köçvəlili kəndinin 1349 nəfər əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı sistemi vasitəsilə tam şəkildə təmin etmək mümkün olacaq.

Qeyd edək ki, Ağstafa şəhərinin mövcud su təchizatı sistemi Vurğun qəsəbəsində yerləşən 6 ədəd subartezian quyusundan götürülən suyun məhsuldarlığı sutkada 4900 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğuda təmizlənərək şəbəkəyə ötürülməsi hesabına fəaliyyət göstərir.

2026-cı ilin mart-aprel aylarında su mənbəyi sahəsində yerləşən mövcud sutəmizləyici qurğular kompleksində membranlar yeniləri ilə əvəz edilib, digər avadanlıqlarda isə təmir işləri aparılıb.

Şəhər üzrə abonentlərin sayı 4491-dir. Ümumi su şəbəkəsinin uzunluğu 128 km, magistral su kəmərlərinin uzunluğu 8 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 89 km təşkil edir. Eyni zamanda 1 meydançada su anbarı kompleksi və məhsuldarlığı sutkada 4 400 kubmetr olan 1 ədəd tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.

Rayon üzrə ümumilikdə 12 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir.

2026–2027-ci illərdə Yenigün kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin 2026-cı il ərzində məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı su təmizləyici qurğular kompleksində təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR