İnternet və sosial media asılılığı uşaqlar və yeniyetmələr arasında psixi problemlərin dərinləşməsinə, aqressiyanın artmasına və intihar riskinin yüksəlməsinə səbəb olur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı Tibb Universitetinin rektoru Gəray Gərəybəyli deyib.
Rektor çıxışına psixi sağlamlıq mövzusunun cəmiyyətdə kifayət qədər diqqət görmədiyini vurğulayaraq başlayıb və qeyd edib ki, bu sahə adətən yalnız hansısa ağır hadisələrdən sonra gündəmə gəlir.
Onun sözlərinə görə, son illərdə xüsusilə uşaq və yeniyetmələrin psixi sağlamlığı daha aktual problemə çevrilib və bunun göstəricilərindən biri də bir neçə il əvvəl uşaq psixiatriyası ixtisasının ayrıca istiqamət kimi təsis olunmasıdır.
Gərəybəyli bildirib ki, artıq müasir psixiatriyada təkcə alkoqol və narkotik asılılığı deyil, internet və sosial media asılılığı da addiksiya kimi qiymətləndirilir.
“Uzun müddət internetə öyrəşmiş uşağın əlindən kompüter və ya telefon alınanda yaranan aqressiya, qeyri-adekvat emosional reaksiyalar, təşviş pozuntuları həmin asılılığın klinik təzahürləridir”, - deyə o bildirib.
Rektor qeyd edib ki, əvvəllər uşaqlar və yeniyetmələr arasında intihar hallarının nisbətən az olduğu müşahidə edilirdisə, son illərdə vəziyyət dəyişməyə başlayıb:
“Çox vaxt valideynlər sonradan bildirirlər ki, uşağın davranışında və ya əhvalında ciddi dəyişiklik hiss etməyiblər. Halbuki bu yaş qrupu problemlərini daha qapalı yaşayır”.
Gərəybəyli vurğulayıb ki, internet asılılığı yuxu pozuntularından depressiyaya, sosial izolyasiyadan sosial autizmləşməyə qədər müxtəlif problemlərə yol aça bilir.
O, kompüter oyunlarının təsirinə də diqqət çəkərək bildirib ki, bəzi oyunlar, o cümlədən cəmiyyətdə geniş tanınan “Blue Whale” kimi təhlükəli oyunlar yeniyetmələr arasında intihar risklərini artıran amillərdən biri kimi qiymətləndirilir.
Sonda rektor bildirib ki, sosial media istifadəsinə məhdudiyyətlər tətbiq olunursa, uşaqlar və yeniyetmələr üçün alternativ məşğulluq və asudə vaxt imkanları da yaradılmalıdır.