Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda ölkədə tətbiq olunan “Bir pəncərə” informasiya sistemi və Rəqəmsal Logistika Platformasının imkanları təqdim edilib.
Modern.az xəbər verir ki, forumun “Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi” adlı panelində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin sektor müdiri Aytən Turabova və Rəqəmsal Logistika Platformasının layihə rəhbəri Ehtiram Quliyev iştirak ediblər.
Aytən Turabova çıxışında Azərbaycanda nəqliyyat sisteminin inkişafı istiqamətində görülən işlər, infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırma sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. O, ölkənin tranzit potensialının artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün fiziki infrastrukturla yanaşı rəqəmsal həllərin də paralel inkişafının vacibliyini vurğulayıb.
Nazirlik rəsmisi həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması məqsədilə qonşu ölkələrlə birgə həyata keçirilən layihələr, koordinasiya mexanizmləri və regional əməkdaşlıq istiqamətində görülən tədbirlərdən danışıb.
Ehtiram Quliyev isə Rəqəmsal Logistika Platformasını təqdim edərək “Bir pəncərə” informasiya sisteminin beynəlxalq ticarət və logistika proseslərinin sadələşdirilməsində oynadığı rolu diqqətə çatdırıb.
Qeyd olunub ki, “Bir pəncərə” sistemi Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb və xarici iqtisadi fəaliyyət iştirakçıları üçün vahid müraciət mexanizmi formalaşdırır. Sistem məlumat mübadiləsini sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və idxal-ixrac, tranzit əməliyyatlarında zəruri sənədlərə çıxışı vahidləşdirir.
Bildirilib ki, rəqəmsal transformasiya logistika və ticarət proseslərində iştirak edən bütün tərəflərin vahid informasiya məkanında daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaradır. Hazırda platforma çərçivəsində Ticarət Bələdçisi alt sistemi (7 mindən çox məhsul üzrə məlumat bazası), Fumiqasiya Aktı, Beynəlxalq Əmtəə-Nəqliyyat Qaiməsi (CMR) və E-Permit kimi rəqəmsal xidmətlər istifadəyə verilib.
Eyni zamanda Fitosanitar Sertifikat, İxrac Bəyannaməsi və Gigiyenik Sertifikatın elektronlaşdırılması istiqamətində işlərin yaxın zamanda tamamlanması planlaşdırılır. Növbəti mərhələdə isə idxal və tranzit əməliyyatlarının tam rəqəmsallaşdırılması nəzərdə tutulur.
Rəqəmsal Logistika Platformasının əsas məqsədinin təchizat zəncirlərinin idarə olunmasının təkmilləşdirilməsi və Azərbaycanın regionda logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi olduğu bildirilib.