Modern.az

İKTA və ICANN internet idarəçiliyi üzrə əməkdaşlığı genişləndirir

İKTA və ICANN internet idarəçiliyi üzrə əməkdaşlığı genişləndirir

Aktual

Bu gün, 11:44

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə İnternetin Unikal İdentifikatorlarının Təyinatı üzrə Korporasiya (ICANN) arasında internet idarəçiliyi, rəqəmsal ekosistemin inkişafı və internet təhlükəsizliyi sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, sənəd İspaniyanın Sevilya şəhərində keçirilən ICANN 86-cı Siyasət Forumu çərçivəsində imzalanıb. Memorandum İKTA ilə domen adları və IP ünvan resurslarının qlobal koordinasiyasını həyata keçirən ICANN arasında institusional əməkdaşlıq çərçivəsini müəyyən edir.

Razılaşmaya əsasən tərəflər domen adları sistemi (DNS) və internet idarəçiliyi üzrə təhsil proqramlarının hazırlanması, potensialın gücləndirilməsi, eləcə də Azərbaycanda dövlət qurumları, akademik dairələr, özəl sektor və texniki icmaların iştirakını təşviq edən maarifləndirmə təşəbbüslərinin genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Eyni zamanda internetin təhlükəsizliyi, sabitliyi və dayanıqlılığı ilə bağlı birgə təlimlərin, seminarların və digər maarifləndirici tədbirlərin təşkili də sənədin əsas istiqamətləri sırasındadır. Memorandumda yerli dillər və əlifbalarla domen adları və e-poçt ünvanlarının düzgün işləməsini təmin edən “Universal Acceptance” prinsiplərinin təşviqi xüsusi yer tutur.

Tərəflər həmçinin internet siyasətləri və tənzimləmə yanaşmaları üzrə məxfi olmayan məlumatların və qabaqcıl təcrübələrin mübadiləsini də həyata keçirəcəklər.

İKTA və ICANN arasında əməkdaşlığın yerli ekspertlərin potensialının artırılmasına, Azərbaycanın beynəlxalq internet idarəçiliyi proseslərində iştirak imkanlarının genişlənməsinə və ölkənin rəqəmsal transformasiya gündəliyinə töhfə verəcəyi bildirilir.

Qeyd edək ki, İKTA rəqəmsal inkişaf, telekommunikasiya, radiotezliklərin idarə olunması və poçt xidmətləri sahələrində tənzimləyici funksiyaları həyata keçirir. ICANN isə internetin unikal identifikator sistemlərinin koordinasiyasına cavabdeh olan qlobal qeyri-kommersiya təşkilatıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!