Modern.az

Bakıda sıxlığın qarşısını almaq üçün iş saatları yenidən tənzimlənəcək

Bakıda sıxlığın qarşısını almaq üçün iş saatları yenidən tənzimlənəcək

Aktual

Bu gün, 09:22

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə yaxın vaxtlarda dəyişkən iş qrafikinin tətbiqinə başlanıla bilər.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəyişkən iş qrafiki əsasında təşkili nəzərdə tutulur.

Deputatın sözlərinə görə, proqramda bu mexanizmin 2026-cı ildə tətbiqi planlaşdırılır. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanda başa çatdırılması gözlənilir. Daha sonra Nazirlər Kabinetinin təsdiqləyəcəyi siyahılar əsasında dəyişkən iş rejimi təşkil olunacaq.

V.Bayramov qeyd edib ki, Avropanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq olunan bu model nəqliyyat yüklənməsinin gün ərzində daha bərabər paylanmasına imkan yaradır. Təhlillər göstərir ki, fərqli işə başlama saatları səhər və axşam pik saatlarında sıxlığın azalmasına kömək edir.

Deputat vurğulayıb ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını tam aradan qaldırmasa da, onun azaldılmasına xidmət edən vacib mexanizmlərdən biridir. O əlavə edib ki, problemin həlli həm də nəqliyyat infrastrukturunun genişləndirilməsi və digər əlavə tədbirlərin həyata keçirilməsindən asılıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV