ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri mərhələsini başa çatdırdığını bildirib.
Modern.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, ABŞ qüvvələri İranın hərbi komanda mərkəzlərini, dəniz obyektlərini, raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularını, həmçinin hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.
Bəyanatda qeyd olunub ki, məqsəd İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etmək imkanlarını zəiflətməkdir.
"Bu mühüm beynəlxalq dəniz dəhlizi ilə kommersiya gəmilərinin tranziti davam edir. May ayının əvvəlindən etibarən Mərkəzi Komandanlığın qüvvələri təxminən 900 kommersiya gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz keçidinə dəstək verib", – deyə ABŞ ordusu bildirib.
Pars Today-in məlumatına görə, İranın Çabahar və Konarak şəhərlərində azı 14 partlayış səsi eşidilib. İranın cənubundakı Sirik şəhərində də partlayışlar baş verib.
IRIB isə Şiraz və Bəndər-Abbas şəhərlərinin də hücuma məruz qaldığını xəbər verib.
İran tərəfi ABŞ-ın hücumlarına cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.
IRIB-in məlumatına görə, İran Arifcan hərbi bazasındakı inzibati binaları və naviqasiya antenalarını, Əl-Ədiri düşərgəsindəki helikopter meydançasını, həmçinin Əhməd Əl-Cabir aviabazasının qərargah binasını hədəfə alıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində Əhməd Əl-Cabir bazasında yerləşən FPS-117 erkən xəbərdarlıq radarı, Patriot hava hücumundan müdafiə sistemi, ABŞ ordusunun hava müdafiəsi ilə əlaqəli peyk rabitə sistemi və MQ-9 pilotsuz uçuş aparatları üçün anqar məhv edilib.
Bundan əlavə, İran quru qoşunlarının Arifcan bazasında yerləşən ABŞ ordusuna məxsus HIMARS reaktiv yaylım atəşi sistemlərini "yer-yer" tipli raketlərlə vurduğu iddia olunur.
İran tərəfi həmçinin Bəhreynin Əl-Mühərrək bölgəsində yerləşən ABŞ-a məxsus hava hücumundan müdafiə sistemi və radarın tamamilə sıradan çıxarıldığını, İraqın Ərbil şəhərindəki ABŞ hərbi bazasının da hədəfə alındığını açıqlayıb.
Məlumata görə, İraqın şimalındakı Süleymaniyyə şəhərində, eləcə də İordaniyada yerləşən ABŞ bazalarının yaxınlığında da partlayışlar qeydə alınıb.
Bundan başqa, Hörmüz boğazından keçməyə çalışan iki neft tankerində yanğın baş verdiyi bildirilir.