Modern.az

"Mən dəliyəm ki, psixoloqa gedim?"

"Mən dəliyəm ki, psixoloqa gedim?"

Aktual

Bu gün, 12:36

Psixoloji sağlamlıq son illərdə daha çox müzakirə olunsa da, cəmiyyətdə bu mövzu ətrafında formalaşmış stereotiplər hələ də qalmaqdadır. Bir çox insan psixoloji dəstəyə ehtiyacı olduğunu qəbul etməkdə çətinlik çəkir, hətta ona "psixoloqa müraciət etməyin faydalı ola bilər" deyildikdə, bunu təhqir kimi qəbul edir. "Mən dəliyəm ki, psixoloqa gedim?" kimi reaksiyalar isə bu sahədə mövcud olan yanlış təsəvvürlərin ən bariz nümunələrindən biridir.

Mütəxəssislərin fikrincə, psixoloji yardım yalnız ağır psixi pozuntuları olan şəxslər üçün nəzərdə tutulmur. Stress, təşviş, depressiya, ailə və münasibət problemləri, iş yükü, itki, travmatik hadisələr və gündəlik həyatın yaratdığı emosional çətinliklər zamanı da peşəkar psixoloji dəstək faydalı ola bilər. Buna baxmayaraq, cəmiyyətdə psixoloqa müraciəti zəiflik, iradəsizlik və ya "ruhi xəstəlik" əlaməti kimi qiymətləndirən yanaşma hələ də geniş yayılıb.

Mövzu ilə bağlı əsas sual budur: insanlar niyə psixoloji yardıma ehtiyac duyduqlarını qəbul etməkdən çəkinirlər? "Sənin psixoloji dəstəyə ehtiyacın var" ifadəsi niyə bir çoxlarının zehnində dərhal "mən dəliyəm?" düşüncəsi yaradır? Bu yanaşmanın arxasında hansı sosial, mədəni və psixoloji amillər dayanır? 

Modern.az bu suallara psixoloq Vəfa Rəşidovadan cavab istəyib.

V.Rəşidova psixoloqa müraciət etməyin zəiflik yox, cəsarət olduğunu bildirib:

“Mövzu ilə bağlı deyə bilərəm ki, bu, son on ilin ən çox müzakirə olunan məsələlərdəndir. Eyni zamanda insanların düşüncəsində dərin kök salmış, lakin elmi əsası olmayan təsəvvürlərdən biridir.
İnsanlara "sənin psixoloji dəstəyə ehtiyacın var" deyildikdə, onlar bunu çox vaxt psixiatrik problemlərlə əlaqələndirirlər. Psixiatrik xəstəlikləri ağır vəziyyət kimi qəbul etdikləri üçün dərhal "mən dəli deyiləm" reaksiyasını verirlər. Əslində bu, insanın özünü müdafiə mexanizmidir.
Ona görə də ilk növbədə psixoloji problemlə psixiatrik problemin fərqini bilməliyik. Psixoloji çətinliklər hər bir insanın həyatında yarana bilər. Bu, tamamilə normal haldır. Psixiatrik problemlər isə fərqli yanaşma, fərqli müalicə üsulları, bəzən də reabilitasiya tələb edir. Bəzi insanlar xəstəxanada müalicə almağı və ya psixotrop dərmanlardan istifadə etməyi qəbul etmədikləri üçün psixoloqa müraciəti də həmin anlayışla eyniləşdirir və "mən dəli deyiləm" müdafiəsi ilə çıxış edirlər.
Halbuki psixoloqa müraciət etmək insanın psixoloji yetkinliyini göstərir. Psixoloqun yanına getmək əslində cəsarətdir. Bu, insanın problemini qəbul etdiyini, onu anladığını və vəziyyəti dəyişmək istədiyini göstərir”.

Müsahibimiz psixoloqa müraciət etməyin insanın özünü daha yaxından tanıması, qəbul etməsi və inkişaf etdirməsi demək olduğunu söyləyib:

“Necə ki, insan böyrəyi, ürəyi və ya başqa bir sağlamlıq problemi yarandıqda həkimə müraciət edir, eyni qaydada psixoloqa müraciət etmək də psixi sağlamlığın qayğısına qalmaq deməkdir. Psixoloq insanın stressi düzgün idarə etməsinə, çıxılmaz görünən vəziyyətlərdə alternativ yollar tapmasına və hadisələrə fərqli baxış bucağından yanaşmasına kömək edir.
Psixoloqa müraciət etmək üçün mütləq ağır psixoloji sarsıntı yaşamaq və ya ciddi problem keçirmək vacib deyil. İnsan daxilində topladığı mənfi emosiyaları boşaltmaq, yaxınları ilə bölüşə bilmədiyi, onları narahat etmək istəmədiyi düşüncə və hissləri də psixoloqla rahat şəkildə müzakirə edə bilər.
Yəni psixoloqa müraciət etmək şücaət, cəsarət və özünü dərk etməkdir. Bu, insanın özünü daha yaxından tanıması, qəbul etməsi və inkişaf etdirməsi deməkdir. Öz problemini dərk edib onun üzərində işləyən insan zamanla daha yetkin və psixoloji cəhətdən daha sağlam bir səviyyəyə yüksələ bilir”.

Nicat Rüstəmzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 2-ci paytaxtı darmadağın edildi: Alov bütün şəhəri bürüdü