Modern.az

Uğursuz nişanı bitirmək uğursuz evlilikdən yaxşıdır 

Uğursuz nişanı bitirmək uğursuz evlilikdən yaxşıdır 

Aktual

Bu gün, 07:00

Son illərdə nişanlanma mərhələsində münasibətin sona çatması tendensiyası geniş vüsət alıb. Bir çox halda bu, mənfi hal kimi qarşılansa da, məsələyə fərqli bucaqdan yanaşanlar da az deyil.

Məsələ ilə bağlı Modern.az-a danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, nişanlılığın əsas məqsədi tərəflərin evlilik qərarını daha sağlam qiymətləndirməsi və uzunmüddətli birgə həyata nə dərəcədə hazır olduqlarını müəyyən etməsidir:

"Nişanın pozulması hər zaman mənfi hadisə kimi qiymətləndirilməməlidir. Bəzən bu qərar gələcəkdə baş verə biləcək daha ağır ailədaxili münaqişələrin və boşanmaların qarşısını alan doğru bir seçim olur. Nişan dövrü romantik hisslərin gündəlik həyat reallıqları ilə qarşılaşdığı mərhələdir. Məhz bu dövrdə tərəflərin dəyərləri, məsuliyyətləri, ünsiyyət tərzi və emosiyaları idarə etmə bacarığı daha aydın görünməyə başlayır".

Elnur Rüstəmovun sözlərinə görə, nişanın tez pozulmasının əsas səbəblərindən biri tərəflərin hisslərin təsiri altında tələsik və emosional qərarlar verməsidir:

"İlk mərhələdə maliyyə məsələləri, karyera planları, yaşayış yeri, ailələrin münasibəti, uşaq gözləntiləri və gündəlik həyat tərzi kifayət qədər düşünülmür. Sonradan ortaya çıxan fikir ayrılıqları münasibəti çətinləşdirir. Digər mühüm amil isə emosional yetkinlikdir. Evlilik yalnız sevgi deyil, həm də məsuliyyət və kompromis tələb edir. Şəxs problemləri dialoqla həll etmək əvəzinə aqressiya və ya uzaqlaşma nümayiş etdirirsə, münasibət uzunömürlü ola bilmir".

Psixoloq sosial şəbəkələrin və hüquqi tərəfin də bu prosesə təsir etdiyini vurğulayıb:

"İnsanlar öz münasibətlərini internetdə gördükləri ideal görüntülərlə müqayisə edir, real həyatın təbii çətinliklərini uğursuzluq kimi qəbul edirlər. Digər tərəfdən, nişan hüquqi nikah sayılmadığı üçün bəzi şəxslər ayrılmanın sosial məsuliyyətini daha az hiss edir və problemləri həll etməyə çalışmaq əvəzinə münasibəti bitirməyə meyillənirlər".

E.Rüstəmov qeyd edib ki, əgər evlilikdən əvvəl xarakter və dəyərlərdə ciddi uyğunsuzluq olduğu ortaya çıxırsa, ayrılıq qərarı gələcək boşanmaların qarşısını almaq adına ən sağlam addımdır. Əsas məsələ bu qərarın emosional impulsla deyil, sağlam düşüncə və qarşılıqlı hörmətlə verilmesidir.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, uğursuz nişanı bitirmək uğursuz evlilikdən qat-qat az zərər verir.

Mütəxəssis bildirib ki, nişanlanıb ayrılma hallarının artmasını təkcə mənfi tendensiya kimi qiymətləndirmək düzgün deyil:

"Nişanlılıq məhz tanışlıq və uyğunluğu yoxlama mərhələsidir. Bu dövrdə insanlar bir-birinin xarakterini, sərhədlərini, məsuliyyət hissini, qəzəbini idarə etmə formasını və ailə dəyərlərini daha aydın görürlər. Münasibətdə hörmət, etibar və təhlükəsizlik hissi formalaşmırsa, sırf "nişanı pozmaq olmaz" düşüncəsi ilə evlənmək gələcək böyük problemlərin təməlini qoyur".

Rövşən Nəcəfov nişanlılıq zamanı tərəflər arasında rəsmi sənəd olmadığına görə insanların tez ayrıla biləcəkləri yanaşmasının hər zaman doğru olmadığını vurğulayıb:

"Əslində, insanlar əvvəllər də uyğun olmadıqlarını anlayırdılar, sadəcə cəmiyyətin təzyiqi və "el nə deyər" qorxusu onları bu münasibətdə qalmağa məcbur edirdi. Bu gün isə bir çox insan anlayır ki, uğursuz nişanı bitirmək, uğursuz evliliyi bitirməkdən qat-qat az zərər verir. Çünki evlilik mövcud problemləri həll etmir, əksinə, onları daha da böyüdür".

Psixoterapevt bildirib ki, ən təhlükəli məqam ayrılığın yaratdığı qısamüddətli psixoloji ağrıdan qaçmaq üçün bir ömür boyu davam edə biləcək ağır psixoloji yükün altına girməkdir:

"Nişanlılığın məqsədi sadəcə toy tarixini gözləmək deyil, doğru insanla evlənib-evlənmədiyini anlamaqdır. Uyğunsuzluğu vaxtında qəbul edib geri çəkilmək uğursuz evlilikdə israr etməkdən daha böyük psixoloji yetkinlik göstəricisidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir