Modern.az

Birotaqlı mənzillər niyə bahalaşır...

Birotaqlı mənzillər niyə bahalaşır...

Aktual

Bu gün, 08:30

Son illər Bakıda və ölkənin digər böyük şəhərlərində daşınmaz əmlakın satış qiymətlərinin kəskin artması səbəbindən alıcıların böyük bir qismi ekonom layihəli mənzillərə daha çox üstünlük verirlər. Bazarda qiymət artımı fonunda alıcı qıtlığı yarandığından, vətəndaşların böyük bir hissəsi nağd və ya kreditlə daha kiçik, xüsusən də birotaqlı mənzillərə üstünlük verirlər.

Bunu Modern.az-a danışan Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspertin sözlərinə görə, birotaqlı evlərə tələbatın artmasının əsas səbəblərindən biri vətəndaşların bu mənzilləri sonradan düzəltmə yolla ikiotaqlıya çevirməsidir:

"Alıcılar mətbəxi eyvana və ya qonaq otağına keçirməklə keçmiş mətbəx hissəsini yataq otağına çevirirlər. Bu, əlavə otaq əldə etmək baxımından faydalı görünsə də, ciddi ölüm təhlükəsi yaradır. Binalar inşa edilərkən mətbəx üçün xüsusi havalandırma sistemləri, elektrik naqilləri və santexnika xətləri layihələndirilir. Havalandırma olmayan eyvanda və ya otaqda mətbəx qurulduqda, qaz sızması nəticəsində mütəmadi olaraq partlayışlar və ölümcül bədbəxt hadisələr baş verir".

Elnur Fərzəliyev vurğulayıb ki, tikinti şirkətləri xüsusilə yeni binalarda ekonom layihəli və kiçik sahəli mənzillərə üstünlük verməlidirlər:

"Köhnə tikililərdə birotaqlı mənzillərin ümumi sahəsi 30 kvadratmetr olduğu halda, yeni binalarda bu rəqəm 50-70 kvadratmetrə çatır. Bu da vətəndaşlar üçün əlavə maliyyə yükü deməkdir. Mənzillərin ümumi qiymətinin baha olması ilk ödənişin və aylıq kredit borclarının da artmasına gətirib çıxarır".

Ekspert əlavə edib ki, yeni binalarda real ekonom layihələrin artırılması xüsusilə aztəminatlı ailələrin mənzil təminatına böyük dəstək ola bilər.

Qeyd edək ki, 2026-cı ilin II rübündə mənzil qiymətləri əvvəlki rüblə müqayisədə 1,6% artıb. Bu dövrdə yeni tikililər 2,6%, köhnə mənzillər isə 1,5% bahalaşıb.

Keçən ilin eyni dövrü ilə müqayisədə ümumi qiymət artımı 8,6% olub. Ən kəskin artım yeni tikililərdə (12,4%) qeydə alınıb, təkrar bazarda isə artım 8,6% təşkil edib.

Yanvar-iyun aylarında mənzil bazarında orta hesabla 8,4% yüksəliş olub, yeni binalarda 12,7%, köhnə binalarda isə  8,3%-dir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir