Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır.
Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 99-GU-473 dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb. Yoxlama nəticəsində icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsinin 66 ton təşkil etdiyi müəyyən edilib.
Qeydə alınan göstərici sözügedən nəqliyyat vasitəsi üçün müəyyən edilmiş maksimum kütlə həddinin iki dəfədən artıq aşılması deməkdir. Belə hal nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərməklə yanaşı, yol-nəqliyyat hadisəsinin başvermə ehtimalını artırır və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
Ümumilikdə, nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi tormoz məsafəsinin uzanmasına, manevr və dayanıqlıq imkanlarının azalmasına, təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyin artmasına gətirib çıxarır. Bu isə idarəetmənin itirilməsi, texniki nasazlıqların yaranması və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Eyni zamanda, normadan artıq yüklənmiş ağırtonnajlı nəqliyyat vasitələrinin istismarı yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin istismarına yol verməməyə çağırır.