Modern.az

Şuşada daşlara yazı yazmaq şəhid xatirəsinə hörmət deyil

Şuşada daşlara yazı yazmaq şəhid xatirəsinə hörmət deyil

Aktual

Bu gün, 15:46

Şuşada bəzi şəxslərin qaya, daş və digər səthlərin üzərinə adlar yazması ictimai narazılıq doğurub. Müzakirələr əsasən belə davranışların həm tarixi-mədəni irsə, həm də şəhidlərin xatirəsinə münasibət baxımından nə dərəcədə doğru olması ətrafında gedir.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Modern.az-a açıqlamasında qeyd edib ki, Şuşa təkcə Azərbaycanın ən gözəl şəhərlərindən biri deyil, həm də milli yaddaşın, tarixin, mədəniyyətin və mənəvi kimliyin daşıyıcısıdır.

Deputatın sözlərinə görə, buna görə də şəhərdəki tarixi və milli əhəmiyyətli məkanlara münasibəti adi ictimai davranış qaydaları ilə məhdudlaşdırmaq olmaz:

“Şuşada hər daşın, hər küçənin, hər tarixi binanın arxasında bir tarix, bir insan taleyi və mədəniyyət izi dayanır. Burada söhbət həm də tarixə, şəhidlərin və qurucuların xatirəsinə, milli irsə münasibətdən gedir”.

Elnarə Akimova bildirib ki, Şuşanın işğaldan azad olunmasından sonra şəhərdə bərpa və quruculuqla yanaşı, tarixi-mədəni irsin qorunması istiqamətində də ciddi işlər görülür.

Onun sözlərinə görə, tarixi abidələrin mühafizəsi, bərpası və ətraf mühitin qorunması dövlət səviyyəsində həyata keçirilən siyasətin tərkib hissəsidir. Bu baxımdan insanların davranışına nəzarətin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin aparılması və zəruri hallarda inzibati məsuliyyət mexanizmlərinin tətbiqi də vacibdir.

“Tarixi məkanı qorumaq yalnız onu bərpa etməklə bitmir. Onu gündəlik davranışımızla da yaşatmaq lazımdır. Tarixi abidələrin divarlarına yazı yazmaq, onların üzərinə çıxmaq, ərazini zibilləmək, qorunan obyektlərin görünüşünə və bütövlüyünə zərər vurmaq yolverilməzdir”.

Deputat vurğulayıb ki, sosial şəbəkədə paylaşılacaq bir görüntü naminə tarixi abidəyə zərər vurmaq nə müasirlik, nə də azadlıq kimi qiymətləndirilə bilər.

Elnarə Akimovanın fikrincə, cərimə yalnız cəza vasitəsi deyil, eyni zamanda cəmiyyətə verilən mesajdır:

“Milli irs toxunulmazdır və heç kimin şəxsi davranışına görə onun tarixi siması zədələnə bilməz. Amma yalnız cərimə ilə mədəni davranış formalaşdırmaq da mümkün deyil. Əsl nəticə insanın abidəyə polis nəzarətindən qorxduğu üçün deyil, ona hörmət etdiyi üçün toxunmamasıdır”.

O qeyd edib ki, Şuşaya gedən hər bir insan özünü yalnız turist kimi deyil, milli irsin müvəqqəti əmanətçisi kimi hiss etməlidir.

Deputat hesab edir ki, burada ailənin, məktəbin, medianın və bütövlükdə cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür:

“Uşağa abidənin yanında necə davranmağı öyrətmək, gəncə milli irsin mahiyyətini anlatmaq, sosial şəbəkələrdə məsuliyyətsiz davranışı normallaşdırmamaq ən az inzibati tədbirlər qədər vacibdir. Milli irsə hörmət mədəniyyəti insanın gündəlik tərbiyəsinin bir hissəsinə çevrilməlidir”.

Elnarə Akimova xatırladıb ki, Şuşa uzun illər işğal altında qalıb, şəhərin tarixi simasına, abidələrinə və mədəni yaddaşına ciddi zərər vurulub.

“Bu gün Şuşa yenidən dirçəlirsə, öz əlimizlə, düşünülməmiş davranışımızla onun tarixi izlərinə zərər vurmaq xüsusilə ağrılı və qəbuledilməzdir. Başqasının dağıtdığını bərpa edən xalq öz əli ilə qoruduğu dəyəri zədələməməlidir”.

Deputat bildirib ki, Şuşaya münasibətin əsas ölçüsü orada nə etdiyimizdən daha çox nəyi qoruyub saxladığımız olmalıdır.

“Biz Şuşanı yalnız azad etməmişik, onu gələcək nəsillərə salamat çatdırmaq məsuliyyətini də üzərimizə götürmüşük. Şuşanın daşına vurulan hər iz tariximizə vurulan izdir. Şuşanın qəhrəman oğullarımızın hansı əziyyət və fədakarlıq hesabına azad olunduğunu unutmaq isə sadəcə məsuliyyətsizlik deyil, tərbiyəsizlikdir”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...