Kahramanmaraşda bir müəllim və 9 şagirdin ölümü ilə nəticələnən məktəb hücumunu törətməkdə təqsirləndirilən İsa Aras Mersinlinin həbsdə olan atası və anası ilk dəfə hakim qarşısına çıxarılıb.
Modern.az xəbər verir ki, polis başmüfəttişi olan ata Uğur Mersinli məhkəmədə verdiyi ifadədə hadisəni törədən şəxsin oğlu olduğunu təsdiqləyərək, “Mənə yox, ona qarşı iş açılmalı idi” deyib.
Məhkəmə heyəti səs çoxluğu ilə ana Peyman Pınar Mersinlinin azadlığa buraxılmasına, yekdilliklə isə ata Uğur Mersinlinin həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.
Qeyd edək ki, İsa Aras Mersinli aprelin 15-də atası Uğur Mersinliyə məxsus 5 odlu silah və 7 patron darağı ilə Ayşə Çalık Orta məktəbində terror aktı törədib. Hadisə nəticəsində bir müəllim və 9 şagird həyatını itirib, 15 şagird isə yaralanıb. Hücum edən İsa Aras Mersinli silah səslərini eşidərək məktəbə daxil olan Necmettin Bekçi tərəfindən bıçaqla zərərsizləşdirilib.
Hadisədən sonra Mersinlinin polis başmüfəttişi olan atası Uğur Mersinli və müəllim olan anası Peyman Pınar Mersinli həbs ediliblər.