NATO onilliklər ərzində ilk dəfə ABŞ-nin iştirakı olmadan Rusiya nüvə sualtı qayıqlarının axtarışı üzrə genişmiqyaslı təlimlər keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Nəşr yazır ki, İslandiya sahillərində Avropa ölkələri və Kanadaya məxsus hərbi gəmilər və aviasiya qüvvələri nüvə silahı daşıya bilən Rusiya sualtı qayıqlarının aşkarlanması üzrə məşqlər aparıblar.
Təlimlər zamanı sualtı qayıqların Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı ərazidən keçərək Atlantik okeanına çıxmasının qarşısının alınması ssenarisi üzrə hazırlıq görülüb.
Əvvəllər hər il keçirilən bu təlimlərdə ABŞ əsas rol oynayırdı. Lakin bu dəfə ilk dəfə olaraq Amerika hərbi gəmiləri və təyyarələri təlimlərdə iştirak etməyib. Nəşrin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin böyük hissəsi hazırda Yaxın Şərq və Karib regionunda cəmləşib.
Qeyd edək ki, NATO bununla Şimali Atlantikada artan Rusiya təhlükəsi fonunda ABŞ-ın liderliyi olmadan regionun müdafiəsini təmin etmək imkanlarını sınaqdan keçirir.