Flinders Universitetinin alimləri apardıqları araşdırmada gündəlik qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə olduğunu müəyyən ediblər.
Modern.az xəbər verir ki, araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Tədqiqatçılar 65 yaşdan yuxarı təxminən 10 min qadının 10 il ərzində sağlamlıq göstəricilərini izləyiblər. Onların qəhvə və çay istehlakı ilə bud nahiyəsində sümük mineral sıxlığı mütəmadi olaraq qiymətləndirilib.
Nəticələrə görə, gündə təxminən 2-3 fincan qəhvə içmək sümük sıxlığının azalması ilə əlaqələndirilməyib. Lakin hər gün 5 stəkandan çox qəhvə qəbul edən qadınlarda sümük mineral sıxlığının daha aşağı olduğu müşahidə edilib.

Çay içən qadınlarda isə bud nahiyəsində sümük sıxlığının çay qəbul etməyənlərlə müqayisədə cüzi dərəcədə yüksək olduğu müəyyənləşib. Alimlər bunu çayın tərkibindəki katexinlərlə əlaqələndirirlər. Bu təbii birləşmələrin sümük toxumasının formalaşmasına kömək edə və onun parçalanmasını ləngidə biləcəyi ehtimal olunur.
Tədqiqatçılar qəhvənin təsirində kofeinin rol oynaya biləcəyini bildirirlər. Laboratoriya araşdırmaları kofeinin kalsiumun mənimsənilməsinə və sümük mübadiləsinə təsir göstərə biləcəyini göstərsə də, bu təsirin böyük olmadığı qeyd edilir.
Alimlər vurğulayırlar ki, araşdırmanın nəticələri qəhvənin birbaşa sümük sıxlığının azalmasına səbəb olduğunu sübut etmir. Sadəcə, yüksək qəhvə istehlakı ilə sümük mineral sıxlığı arasında statistik əlaqə aşkarlanıb.
Mütəxəssislərin fikrincə, orta miqdarda qəhvə istehlakı sümük sağlamlığı üçün ciddi təhlükə yaratmaya bilər, lakin gündəlik çox yüksək miqdarda qəhvə qəbulundan çəkinmək məqsədəuyğundur. Osteoporozun qarşısının alınmasında isə kifayət qədər kalsium və D vitamini qəbulu, fiziki aktivlik və sümük sağlamlığının qorunması üçün digər təsdiqlənmiş tədbirlər əsas olaraq qalır.