Britaniyada yüzlərlə antimiqrant etirazçı ölkənin ən böyük sərnişin limanı hesab olunan Dover limanına gedən yolları bağlayıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, qara geyimdə və üzləri bağlı olan aksiya iştirakçıları “Qayıqları dayandırın” və “Onları geri göndərin” şüarları səsləndiriblər.
Etiraz aksiyası səbəbindən sərnişin və yük nəqliyyatının hərəkəti bir neçə saat ərzində faktiki olaraq dayanıb. Hadisə ilə bağlı saxlanılan şəxslərin olmadığı, polisin aksiyanı “spontan” adlandırdığı bildirilib.
Aksiya La-Manş boğazı vasitəsilə qeyri-qanuni miqrasiya ilə bağlı gərginliyin artdığı bir vaxtda keçirilib. Dover mütəmadi olaraq antimigrant etirazların keçirildiyi məkanlardan biridir. Çünki Britaniyaya kiçik qayıqlarla keçməyə cəhd edən və saxlanılan miqrantlar məhz bu limana gətirilir.
Bu dəfəki etirazın əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı olduğu qeyd edilir. Britaniya hakimiyyəti limanın blokadaya alınmasını pisləyib. Hətta mühafizəkar Reform UK partiyasının lideri Naycel Fərəc də maska və balaklava taxan etirazçıların aksiyasına qarşı olduğunu bildirib.