Modern.az

Türkiyənin tarixi irsi vandalizmə məruz qalır – GÖRÜNTÜ

Türkiyənin tarixi irsi vandalizmə məruz qalır – GÖRÜNTÜ

Aktual

Bu gün, 12:56

Tarixi abidələrin – qayaların, daşların, qala divarlarının, türbələrin və mədrəsələrin üzərinin yazılması, onların vandalizmə məruz qalması Türkiyədə ciddi problemə çevrilib.

Modern.az apa-ya istinadən xəbər verir ki, 2016-cı ilin yanvarında Süleymaniyə kompleksində tarixi abidələr vandalizmə məruz qalıb.

Süleymaniyə kompleksində tarixi abidələrə zərər vurulub

Memar Sinanın ən mühüm əsərləri sırasında yer alan, İstanbulun ən məşhur məbədlərindən biri olan 467 illik Süleymaniyə Camii dəfələrlə vandalizmə məruz qalıb. Tarixi məscidin daxilindəki mozaik daşların ziyarətçilər tərəfindən oğurlandığı, sağ minarənin girişinin isə icazəsiz şəkildə deşildiyi müəyyən edilib. Memar Sinanın 1557-ci ildə inşa etdiyi tarixi kompleksin bir hissəsi olan Süleymaniyə Hamamında da 2016-cı ildə eniş pilləkənlərinə sprey boya ilə yazılar yazıldığı qeydə alınıb.

2 200 illik məzar sprey boya ilə boyanıb

2019-cu ilin dekabrında Amasyada yerləşən və 2 min 200 illik tarixə malik Aynalı Kaya məzarı xəzinə axtaranların müdaxiləsi və sprey boya ilə yazılan yazılar nəticəsində ciddi zədələnib.

Sonradan Amasya Universitetinin Dizayn Peşə Ali Məktəbi tərəfindən məzarın bərpa işlərinə başlanılıb. Restavrasiya işlərində məzarın tarixi fakturasının qorunması və ilkin görünüşünə uyğunlaşdırılması qarşıya məqsəd qoyulub.

Kapadokyanın məşhur Pəri Bacaları da vandalizmə məruz qalıb

2021-ci ilin iyununda Türkiyənin təbii və mədəni sərvətləri ilə seçilən Kapadokya bölgəsindəki Pəri Bacaları və digər təbii qaya formasiyaları üzərinə sprey boya ilə yazılar yazılıb. Min illər ərzində külək və su eroziyasının təsiri ilə formalaşan Pəri Bacaları Kapadokyanın ən mühüm təbii simvollarından biridir. Bölgənin tarixi və təbii landşaftının ayrılmaz hissəsi olan bu unikal qaya formasiyalarının üzərində yazıların yazılması həm ətraf mühitin görünüşünü, həm də bölgənin mədəni irsini təhdid edən vandalizm nümunəsi hesab olunur. Yazılar Türkiyə hökuməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində təmizlənib.

Direkli Qayaya yazılar yazılıb

Həmin ilin sentyabrında Bartının Amasra rayonuna adını verən, Kraliça Amastrisin dənizə girdiyi yer kimi tanınan tarixi Direkli Qayaya sprey boya ilə yazılar yazılaraq zərər vurulub. Cenevizlilər tərəfindən inşa edilən və XIII–XV əsrlərə aid olan tarixi abidəyə qarşı törədilən hörmətsizliklə bağlı araşdırma başladılıb və yazılar sonradan həyata keçirilən tədbirlər nəticəsində silinib.

2 750 illik türbə vandalların hədəfinə çevrilib

2023-cü ilin iyununda Antalyanın Elmalı rayonunun Gölova (Müğren) məhəlləsində yerləşən 2 750 illik türbə vandalların qurbanı olub.

Belə ki, tarixi abidə əvvəlcə xəzinə ovçuları tərəfindən qismən dağıdılıb, daha sonra isə yerli sakinlər türbənin divarlarına boya ilə müxtəlif yazılar yazıblar.

Likiya krallığı dövrünün simvollarından biri hesab edilən və Bizans dövrünə aid klassik rəsmləri və bəzəkləri özündə birləşdirən abidənin həm daxili divarları, həm də fasadı zədələnib.

Kozan qalasının divarları yazılıb

Həmin ilin sentyabrında Adananın Kozan rayonunda yerləşən və bir çox sivilizasiyaya ev sahibliyi etmiş Kozan qalasının tarixi divarlarına sprey boya ilə yazılar və rəsmlər çəkilməsi ziyarətçilərin etirazına səbəb olub. Möhtəşəm qala divarları və tarixi görkəmi ilə hər il minlərlə insanın ziyarət etdiyi Kozan qalası əsrlər ərzində bir çox sivilizasiyanın izlərini qoruyub saxlayır. Hitit və Assuriya dövrlərinin izlərini günümüzə daşıyan 400 metr uzunluğundakı qala divarları tarixi əhəmiyyəti ilə diqqət çəkir.

Qoşa Minarəli Mədrəsənin divarları da zərər görüb

2023-cü ilin dekabrında Sivasda 1271-ci ildə Elxanilər (Hülakülər dövləti) vəziri Sahib Şəmsəddin Məhəmməd Cüveyni tərəfindən inşa etdirilən və şəhərin simvolik abidələrindən biri olan Qoşa Minarəli Mədrəsənin yan divarlarına sprey boya ilə yazılar yazılıb.

Bununla bağlı 2023-cü ildə Türkiyənin Vəqflər Regional Müdirliyi tərəfindən işlərə başlanılıb və yazılar xüsusi boya təmizləmə texnikasından istifadə edilərək silinib.

Bütün bunlara görə Türkiyədə dövlət qurumları bu sahəyə nəzarəti artırır və maarifləndirmə tədbirlərinə üstünlük verir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab