Modern.az

Qədim qayaüstü təsvirlər vandalizmin hədəfində: Rusiyada abidələr necə qorunur

Qədim qayaüstü təsvirlər vandalizmin hədəfində: Rusiyada abidələr necə qorunur

Aktual

Bu gün, 16:09

Minilliklər əvvəl insanların həyat tərzi, inancları və dünyagörüşü barədə məlumat verən qayaüstü təsvirlər zamanın sınağından çıxsa da, müasir dövrdə onların qarşısında başqa təhlükə yaranıb. Çünki bəzi turistlərin və vandalların qayaların üzərinə yazılar yazması, şəkillər çəkməsi və qədim petroqlifləri cızması tarixi irsə ciddi ziyan vurur. Rusiyanın müxtəlif regionlarında da son illərdə bu cür hallarla bağlı bir sıra faktlar qeydə alınıb.

Qədim petroqliflərin üzərinə müasir yazılar

Belə hallardan biri 2021-ci ildə Altay Respublikasında, Çuy traktı ərazisində baş verib. İki turist yol kənarındakı qayaların üzərinə iri mavi hərflərlə “Vyazma və Novosibirsk şəhərlərinin birləşməsinə hazırsanmı?” ifadəsini yazıb. Hadisəni yerli bələdçi Karçaqa Taxanov aşkar edib və həmin şəxslərlə söhbəti videoya çəkərək yayımlayıb. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra hadisə ciddi ictimai etiraz doğurub.

Təbiəti mühafizə prokurorluğu turistlərin şəxsiyyətini müəyyənləşdirib. Onların hər biri 1,5 min rubl cərimələnib. Bundan başqa, turistlər “Çistıy Altay” könüllülər hərəkatına 7 min rubl vəsait köçürüblər. Yazı isə fəallar tərəfindən çətinliklə təmizlənib.

2 min illik təsvirlərin üzərində boya ilə yazılar

2017-ci ildə Xakasiyada yerləşən Kunya dağında daha ciddi vandalizm hadisəsi qeydə alınıb. Yaşı iki min ildən çox olan qayaüstü təsvirlərin üzərinə boya ilə iri hərflər və müxtəlif şəkillər çəkilib. Bunun nəticəsində heyvan, quş və insan təsvirləri zədələnib. Mütəxəssislər bildiriblər ki, boyanın qayanın səthinə əlavə zərər vurmadan təmizlənməsi olduqca çətindir.

Polis hadisəni törədən şəxsi müəyyən edib. Krasnoyarsk sakini əməlini etiraf edərək özündən sonra qayada yazı qoymaq istədiyini, qədim təsvirləri isə guya görmədiyini bildirib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb.

Vandalizmə qarşı mübarizədə yerli sakinlərin rolu

2022-ci ildə Xakasiyadakı Oşkol qayaüstü abidəsində də yazılar aşkarlanıb. Yazıları yerli sakin görərək onların fotoşəkillərini çəkib və aidiyyəti qurumlara məlumat verib. Mədəni irs obyektlərinin mühafizəsi üzrə Dövlət Müfəttişliyi materialları vilayət polisinə göndərib. Nəticədə Cinayət Məcəlləsinin 243-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Bu hadisə göstərir ki, qədim abidələrin qorunmasında yalnız dövlət qurumlarının deyil, yerli sakinlərin və ictimaiyyətin diqqəti də mühüm rol oynayır.

5 minillik petroqliflər də vandalizmdən qoruna bilmədi

Xabarovsk diyarında yerləşən Kiya qayaüstü təsvirləri də vandalizmin qurbanı olub. Təxminən beş minillik tarixə malik petroqliflərin yerləşdiyi qayalarda “Maxanya burada olub”, “Anya ən yaxşıdır” kimi müasir yazılar aşkarlanıb. Bəzi qədim təsvirlərin üzərindən təbaşirlə xətlər çəkilib. Mütəxəssislər bildiriblər ki, hətta bu yazıların təmizlənməsi prosesinin özü belə daş səthinə əlavə təsir göstərə bilər və abidənin əvvəlki vəziyyətinə tam qaytarılması mümkün olmaya bilər.

Daha sonra qədim təsvirlərin üzərində metal əşya ilə cızılmış yeni rəsmlər də aşkarlanıb. Ekspertizadan sonra polis Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə cinayət işi başladıb.

Petroqlifləri qorumaq üçün şəffaf günbəz

Murmansk vilayətində yerləşən Kanozero petroqlifləri də illər ərzində turistlərin diqqətini cəlb edib. Hələ 2006-cı ildə alimlər və ekoloqlar turistlərin müasir yazıları birbaşa qədim petroqliflərin üzərinə həkk etdiyini bildiriblər.

Abidənin qorunması üçün daha sonra əsas petroqliflər qrupunun üzərində böyük şəffaf qoruyucu günbəz inşa edilib. Qurğu 600-dən çox qayaüstü təsviri həm təbii təsirlərdən, həm də insanların törədə biləcəyi vandalizm hallarından qoruyur.

Qayaların təmizlənməsi üçün könüllülər də səfərbər olunur

Rusiyada qədim qayaüstü təsvirlərin qorunması yalnız cəza tədbirləri ilə məhdudlaşmır. Müxtəlif ictimai-dövlət layihələri çərçivəsində qayaların üzərindəki müasir yazıların təmizlənməsi işləri də aparılır. Belə ki, Rusiya Coğrafiya Cəmiyyətinin layihələri çərçivəsində Altayda təxminən 3,2 min kvadratmetr qaya səthi müasir yazılardan təmizlənib. “Lena sütunları” milli parkında isə 200 metr uzunluğunda qaya divarında təmizləmə işləri aparılıb. Bu layihələrdə könüllülər və alimlər iştirak edib, işlərin həyata keçirilməsinə qrant dəstəyi də göstərilib.

Bəs qayaüstü abidələri bu cür korlayanları hansı cəza gözləyir?

Rusiyada hüquqi mühafizə statusuna malik tarixi və arxeoloji obyektlərin zədələnməsi cinayət məsuliyyətinə səbəb ola bilər. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243-cü maddəsi mədəni irs obyektlərinin, o cümlədən tarixi və arxeoloji əhəmiyyət daşıyan obyektlərin zədələnməsi və ya məhv edilməsinə görə məsuliyyət nəzərdə tutur. Ağır hallarda cəza 6 ilədək azadlıqdan məhrumetməyə çata bilər.

Hüquqi mühafizə statusu olmayan obyektlərə zərər vurulduqda isə məsələ bəzi hallarda inzibati məsuliyyət, cərimə və vurulmuş ziyanın aradan qaldırılması tələbi ilə yekunlaşa bilər.

 

Unutmayaq ki, qayaüstü təsvirlər sadəcə daş üzərində çəkilmiş qədim rəsmlər deyil. Onlar minlərlə il əvvəl yaşamış insanların həyatına dair mühüm tarixi məlumat daşıyır. Buna görə də belə abidələrin üzərinə müasir yazı və şəkillərin çəkilməsi onların yalnız xarici görünüşünü deyil, gələcək nəsillər üçün elmi və mədəni dəyərini də təhlükə altına qoyur.

Ülviyyə FƏRHAD

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab