Modern.az

Günəş altında saxlanılan plastik su qablarında gizli təhlükə

Günəş altında saxlanılan plastik su qablarında gizli təhlükə

Aktual

Bu gün, 07:53

Yay aylarında qablaşdırılmış suların günəş altında saxlanılması istehlakçıların diqqət etməli olduğu məsələlərdəndir. Plastik qablaşdırmanın günəş şüalarının təsirinə məruz qalması suya müəyyən maddələrin miqrasiyası və mikroplastiklərlə bağlı risk yarada bilər.

Modern.az xəbər verir ki, bunu qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov deyib.

Ekspert qablaşdırılmış su seçərkən ilk növbədə məhsulun etiket məlumatlarına diqqət yetirməyin vacibliyini vurğulayıb.

“Ümumiyyətlə, 523 saylı “Qida təhlükəsizliyi haqqında” qanunun 17.2-ci maddəsinin tələbinə uyğun olaraq mütləq etiket məlumatları öyrənilməli, qida və enerji dəyərinə nəzər yetirilməlidir”, - deyə S.Qafarov bildirib.

Onun sözlərinə görə, istehlakçılar təbii bulaq tərkibli və müalicəvi sulardan istifadəyə üstünlük verə bilərlər.

“Adətən təbii bulaq tərkibli, təbii milli sərvətimiz olan bulaq və ya müalicəvi sulardan istifadə olunması daha məqsədəuyğundur. Bir çox sular şəbəkə suyunun distillə edilərək, filtrdən keçirilərək təqdim olunmuş formasıdır. Mənbəyi olan və qidalılıq dəyəri daha yüksək göstəriciyə malik sulardan istifadə etmək lazımdır”, - ekspert qeyd edib.

Filtrdən keçirilən su təhlükəlidirmi?

S.Qafarov filtrasiya prosesinin suyun təmizlənməsi üçün istifadə olunan üsullardan biri olduğunu deyib.

“Bütün sular müəyyən fiziki çirklənmə meyarları ilə əlaqədar filtrdən keçirilməlidir. Burada kükürd, kömür, pambıq və ultrabənövşəyi şüadan istifadə olunur. Bu proseslər suyun tərkibini daha da təmizləyir. Ona görə hamısı uyğundur, elə bir məhdudiyyət yoxdur”, - deyə ekspert bildirib.

Seymur Qafarov qablaşdırılmış suların saxlanma şəraitinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O bildirib ki, plastik qablaşdırılmış sular birbaşa günəş şüalarının altında saxlanılmamalıdır. Belə şəraitdə qablaşdırma materialından suya müəyyən maddələrin miqrasiyası və mikroplastiklərin sızması ilə bağlı risk yarana bilər.

Ekspert həmçinin istehlakçılara su alarkən istehsal və son istifadə tarixlərini yoxlamağı, məhsulları isə etibarlı satış məntəqələrindən əldə etməyi tövsiyə edib. 19 litrlik su qablarına da xüsusi diqqət yetirilməlidir.

S.Qafarov bildirib ki, böyük həcmli qabların materialının qalınlığı kifayət qədər olmalıdır. Bu qabların yuyulub dezinfeksiya edilərək təkrar istifadəsinin də müəyyən müddət və həddi var.

“Qabların nəzərdə tutulan istifadə müddətindən artıq və təkrar-təkrar istifadə olunmamasına xüsusi diqqət yetirilməlidir”, - deyə ekspert əlavə edib.

 

Aydan Qasımova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!