Modern.az

Müstəqil xarici siyasət Azərbaycanın regional çəkisini artırır - GÖRÜNTÜ

Müstəqil xarici siyasət Azərbaycanın regional çəkisini artırır - GÖRÜNTÜ

Aktual

Bu gün, 10:05

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev Rusiya-Ukrayna müharibəsi, Azərbaycanın Rusiya və Avropa İttifaqı ilə münasibətləri, Cənubi Qafqazdakı geosiyasi proseslər və Türk Dövlətləri Təşkilatının perspektivləri barədə danışıb.

Modern.az xəbər verir ki, deputat bu barədə REAL TV-yə açıqlamasında fikirlərini bölüşüb.

Cavanşir Feyziyev ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinə də münasibət bildirib.

Deputatın sözlərinə görə, bu görüşlər müharibənin dayandırılması istiqamətində diplomatik təmasların davam etdiyini göstərir:

“Vitkoff və Kuşnerin Rusiya və Ukraynaya səfərləri özlüyündə müharibənin dayandırılması üçün həlledici nəticə verə bilməz. Əsas məsələ cəbhədə tərəflərin əldə etdiyi nəticələrdir”.

O hesab edir ki, Qərb ölkələri müharibənin dayandırılmasında maraqlıdırsa, Ukraynaya daha geniş hərbi dəstək göstərməlidir.

Deputat beynəlxalq hüququn və BMT mexanizmlərinin işləməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Ukraynanın məğlubiyyəti beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi nəticələrə səbəb ola bilər.

Cavanşir Feyziyev Avropada sağ və ifrat sağ siyasi qüvvələrin güclənməsindən də danışıb. O bildirib ki, bunun əsas səbəblərindən biri Avropa cəmiyyətlərində sosial-iqtisadi narazılıqların artması və ənənəvi siyasi qüvvələrin seçicilərin gözləntilərini tam doğrultmamasıdır.

Deputat bu tendensiyanın xüsusilə Almaniya və Fransada özünü göstərdiyini qeyd edib. Onun sözlərinə görə, Avropada siyasi parçalanmanın və ifrat sağın güclənməsinin qitənin gələcək xarici siyasətinə, o cümlədən Rusiyaya münasibətinə təsir göstərməsi mümkündür.

Cavanşir Feyziyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini də şərh edib.

Deputatın sözlərinə görə, Moskva ilə Bakı arasında iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr Rusiyanın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini göstərir.

O, Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətinin artdığını vurğulayıb. Deputat Orta Dəhliz, Azərbaycanın enerji resursları, Ələt limanı və Zəngəzur dəhlizinin perspektivlərinin ölkənin regional rolunu daha da gücləndirdiyini bildirib.

“Orta Dəhliz Azərbaycan üzərindən keçir. Rusiya üçün də mövcud sanksiyalar şəraitində dünya bazarlarına çıxış baxımından bu marşrutun əhəmiyyəti artır”, - deyə C.Feyziyev qeyd edib.

Daha ətraflı videoda:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM