Qazax şəhərində Gənclər Evlərinin direktorları, əməkdaşları və könüllü gənclərin iştirakı ilə “Media Akademiyası” adlı üç günlük təlim düşərgəsi təşkil olunub.
Modern.az xəbər verir ki, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.
“Media Akademiyası”nın əsas məqsədi Gənclər Evlərinin media və kommunikasiya imkanlarının genişləndirilməsi, əməkdaş və könüllülərin informasiya ilə işləmək, rəqəmsal platformalardan səmərəli istifadə etmək və həyata keçirilən layihələri ictimaiyyətə daha effektiv təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi olub.
Təlim düşərgəsi çərçivəsində iştirakçılara media ilə əlaqələrin qurulması, sosial media idarəçiliyi, vizual kommunikasiya və böhran vəziyyətlərində informasiya siyasətinin düzgün qurulması ilə bağlı nəzəri və praktiki biliklər verilib.
Təlimin ilk sessiyasında “Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi” mövzusu müzakirə olunub. “Yurd.media” informasiya portalının baş redaktoru Murad Əliyev iştirakçılara informasiyanın hazırlanması və təqdim edilməsi, press-relizin əsas prinsipləri, media ilə iş və informasiya təhlükəsizliyi barədə məlumat verib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktor müavini Araz Balayev “Sosial medianın effektiv idarə edilməsi” mövzusunda sessiya keçirib. Sessiyada sosial media strategiyasının hazırlanması, auditoriyaya uyğun məzmunun formalaşdırılması və rəqəmsal platformalarda effektiv kommunikasiya üsulları diqqət mərkəzində olub.
ARB24 telekanalının icraçı direktoru Elnur Şibliyev isə “Televiziya kommunikasiyası və effektiv vizual informasiya idarəçiliyi” mövzusunda çıxış edib. O, televiziya mediası ilə əməkdaşlığın xüsusiyyətləri, kamera qarşısında çıxış və vizual kontentin hazırlanması ilə bağlı praktiki tövsiyələrini bölüşüb.
Təlim düşərgəsinin yekun sessiyasında “Media Akademiyası” layihəsinin rəhbəri, jurnalist Xanlar Mehdiyev “Media kommunikasiyası və böhran kommunikasiyasının effektiv idarə edilməsi” mövzusunda təlim keçib.
Sessiyada böhran zamanı düzgün kommunikasiya strategiyasının qurulması, operativ qərarvermə, informasiyanın çevik idarə olunması və media ilə effektiv əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.
Təlimin sonunda iştirakçılar real kommunikasiya situasiyaları üzərində işləyib və praktiki tapşırıqları yerinə yetiriblər.