ABŞ-nin hərbi və kəşfiyyat rəsmiləri İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki Amerika hərbi qüvvələrinin sayının azaldılması imkanını qeyri-rəsmi şəkildə müzakirə edirlər.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın mənbələrinin sözlərinə görə, müharibə zamanı ABŞ-nin regiondakı hərbi və kəşfiyyat infrastrukturu ciddi zərər görüb. Məlumata əsasən, Mərkəzi Kəşfiyyat İdarəsinin Ər-Riyaddakı obyekti “faktiki olaraq məhv edilib”. ABŞ-nin Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdə yerləşən bazaları da hücumlara məruz qalıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı amerikalı hərbçilərin yaxın vaxtlarda Bəhreynə qayıtmayacağını açıqlayıb.
Bəzi rəsmilər daimi hərbi bazalardan istifadə etmədən həssas əməliyyatların həyata keçirilməsi imkanını da nəzərdən keçirirlər. Bu modelə əsasən, ABŞ qüvvələri konkret tapşırıq üçün regiona göndərilə, əməliyyat başa çatdıqdan sonra isə geri qaytarıla bilər.
Pentaqonun hücumlar nəticəsində dağıdılmış obyektlərin bir hissəsini bərpa etməməsi də mümkün variantlar arasındadır.
Bununla belə, ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğuna yenidən baxılması barədə hələlik rəsmi göstəriş verilməyib. CNN-in məlumatına görə, rəsmilər prezidentin mövqeyinin dəyişəcəyi ehtimalına qarşı mümkün ssenariləri əvvəlcədən qiymətləndirirlər.