Modern.az

Süni intellekt xərçəngin müalicəsini tapa bilər

Süni intellekt xərçəngin müalicəsini tapa bilər

Aktual

Bu gün, 17:55

Süni intellekt xərçəngin müalicəsini tapmağa kömək edə bilər.

Modern.az xəbər verir ki, bu barədə BBC yazıb.

Məlumata görə, Böyük Britaniyanın Kembric şəhərində yerləşən çip dizayn şirkəti Arm Holdings-in baş icraçı direktoru Rene Haas süni intellektin tibbdə böyük dəyişikliklərə səbəb olacağını bildirib.

Onun sözlərinə görə, hazırda DNT markerlərinin xərçəngdən necə təsirləndiyini modelləşdirmək olduqca mürəkkəb prosesdir. Lakin süni intellekt texnologiyalarının inkişafı ilə kompüterlərin bu problemi həll etməsi mümkün olacaq.

Rene Haas hesab edir ki, süni intellekt insanların öz ömrü ərzində xərçəngin müalicəsinin tapılmasına kömək edə bilər.

“Bizim ömrümüz ərzində süni intellekt xərçəngin müalicəsinə kömək edəcək”, – deyə o bildirib.

BBC-yə danışan ekspertlər də süni intellektin xərçəng araşdırmalarında əhəmiyyətli rol oynaya biləcəyini qeyd ediblər. Onların fikrincə, əsas məsələ yalnız süni intellektdən istifadə etmək deyil, ona düzgün və keyfiyyətli tibbi məlumatların təqdim edilməsidir.

Mütəxəssislər hesab edirlər ki, süni intellekt yeni müalicə üsullarının hazırlanmasına sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azalda bilər.

Rene Haas müsahibəsində süni intellektin yaxın illərdə humanoid robotların da geniş yayılmasına səbəb olacağını bildirib. Onun fikrincə, növbəti illərdə belə robotlar istehsalat, təmizlik, təhlükəsizlik və digər sahələrdə istifadə oluna bilər.

Arm rəhbəri eyni zamanda süni intellektin kütləvi işsizliyə səbəb olacağı ilə bağlı narahatlıqların “şişirdildiyini” deyib.

O bildirib ki, bəzi iş yerləri avtomatlaşdırılsa da, süni intellektin inkişafı yeni iş imkanlarının yaranmasına da gətirib çıxaracaq.

BBC-nin məlumatına görə, Arm tərəfindən hazırlanan texnologiyalar dünyanın müxtəlif yerlərində milyardlarla cihazda – smartfonlardan avtomobillərə qədər – istifadə olunur. Şirkətin səhmlərinin dəyəri də süni intellekt bumunun fonunda son dövrlərdə ciddi şəkildə artıb.

Aydan Qasımova

Whatsapp
Bizə yazın!
Keçid et
“Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi