Azərbaycanda rəsmi qurumların saytlarına kiberhücumlar dövlət orqanlarının rəqəmsal təhlükəsizliyi, informasiya sistemlərinin qorunması və vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib.
Milli Məlisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu Modern.az-a deyib ki, hazırda Azərbaycan dövlətinin təhlükəsizlik konsepsiyasına kiber, informasiya və rəqəmsal təhlükəsizlik məsələləri də daxil edilib. Bu təhlükəsizliyin təmin olunması üçün müvafiq qurumlar yaradılıb və həmin qurumlar kifayət qədər effektiv fəaliyyət göstərirlər.
"Ancaq internet və kibertexnologiyalar çox sürətlə inkişaf edir. Süni intellektin tətbiqi ilə mükəmməl proqramlar yaratmaq imkanları genişləndiyindən təhlükəsizliyi hər zaman tam təmin etmək mümkün olmur. Müəyyən mənbələrdən kiberhücumlar təşkil edilə bilir. Bu, dünyanın bütün ölkələrində baş verən hadisədir və biz zaman-zaman qlobal informasiya məkanında belə məlumatlara rast gəlirik”, - deyə Hikmət Babaoğlu bildirib.
Bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğulayan deputat daha zəngin kadr potensialının formalaşdırılmasının vacibliyini qeyd edib.
“Süni intellektin tətbiqi ilə yeni proqramçılar hazırlamağı bacarmalıyıq. Düşünürəm ki, artıq bu proses Azərbaycanda başlayıb. Bir çox universitetlərimizdə proqramçılar, proqram mühəndisləri, kibertəhlükəsizlik və digər texnologiyalar üzrə mütəxəssislər, eləcə də İT mütəxəssisləri hazırlanır. Artıq Azərbaycanda bu sahənin kadr potensialı da formalaşmaqdadır”, - Hikmət Babaoğlu deyib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü Samir Vəliyev öz fikirlərini söyləyib:
“Azərbaycanda kibertəhlükəsizlik sahəsində dövlət nəzarəti və qurumlararası koordinasiya mexanizmləri mövcuddur. 2026-cı ilin iyun ayında imzalanmış fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Agentliyin əsas fəaliyyət istiqamətlərinə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, kiber təhdidlər barədə məlumatların toplanılması və təhlili daxildir. Bundan əlavə, dövlət qurumlarının informasiya təhlükəsizliyi sahəsində fəaliyyətini əlaqələndirmək məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası fəaliyyət göstərir. Dövlət qurumlarının kibertəhlükəsizlik hazırlığının effektivliyini qiymətləndirmək üçün müstəqil təhlükəsizlik auditləri keçirilməli, insidentlərə hazırlıq yoxlanılmalı, audit nəticələri izlənilməli və müdafiə mexanizmləri sınaqdan keçirilməlidir”.
Onun sözlərinə görə, açıq rəsmi mənbələr əsasında bütün dövlət qurumlarının müntəzəm şəkildə müstəqil auditdən keçirildiyini və nəticələrin vaxtında ictimaiyyətə açıqlanmasını təsdiqləmək mümkün deyil:
"Buna görə də auditlərin bütün qurumlarda eyni səviyyədə və müntəzəm keçirildiyini iddia etmək düzgün olmazdı. Hadisələrdən sonra ictimaiyyətin məlumatlandırılması zamanı şəffaflıq qorunmalı, lakin təhlükəsizlik sistemlərinin zəif nöqtələrini üzə çıxara, müdafiə mexanizmlərindən sui-istifadəyə imkan verə və ya hərbi və digər məxfi məlumatların təhlükəsizliyinə risk yarada biləcək texniki detalların açıqlanması məhdudlaşdırılmalıdır. Bununla belə, fərdi məlumatların sızması ehtimalı yarandıqda vətəndaşlara riskin xarakteri və özlərini qorumaq üçün görməli olduqları tədbirlər barədə aydın məlumat verilməsi vacibdir".
Deputat bildirib ki, şəxsi məlumatların qorunması, şəxsi həyatın toxunulmazlığı və vətəndaşların hüquqlarının müdafiəsi rəqəmsal təhlükəsizliyin mühüm istiqamətlərindəndir.
"Vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrini, eləcə də hüquqlarının pozulması zamanı istifadə edə biləcəkləri imkanları bilməlidirlər. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, İnsan hüquqları komitəsi, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi öz səlahiyyətləri çərçivəsində rəqəmsal təhlükəsizliklə bağlı məsələləri nəzərdən keçirə bilərlər. Parlament müzakirələri, deputat sorğuları və qanunvericilikdə nəzərdə tutulan digər vasitələr dövlət qurumlarının bu sahədə fəaliyyətinə nəzarət imkanları yaradır.
Ümumilikdə, parlament nəzarəti, müstəqil texniki audit və ictimaiyyətin vaxtında məlumatlandırılması bir-birini tamamlayan mexanizmlərdir. Şəxsi məlumatların sızması hallarında vətəndaşların hüquqlarının qorunması, risklər barədə vaxtında məlumatlandırılması və qanunvericiliklə nəzərdə tutulan müdafiə imkanlarından istifadə edə bilməsi xüsusi əhəmiyyət daşıyır. Bu mexanizmlərin əlaqəli şəkildə işləməsi dövlət qurumlarının hesabatlılığını gücləndirər və vətəndaşların rəqəmsal mühitdə hüquqlarının daha etibarlı qorunmasına şərait yaradar”, - Samir Vəliyev deyib.
Nicat Rüstəm