“TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyədə islahatların yeni mərhələsidir. Bu dəyişiklik keçid dövrünün başa çatması və vahid, sistemli idarəetməyə keçid kimi qiymətləndirilməlidir”.
Bunu Modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Prezident İlham Əliyevin “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanını şərh edərkən bildirib.
Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Rəşad Mahmudovun sözlərinə görə, vaxtilə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin tələblərindən irəli gəlib. Əvvəlki səhiyyə idarəçiliyinin yeni maliyyələşmə mexanizmlərinə uyğunlaşdırılması dövlət tibb müəssisələrinin daha çevik struktur vasitəsilə idarə olunmasını zəruri edib:
“Sovet dövründən miras qalmış səhiyyə idarəçiliyi yeni maliyyələşmə mexanizmlərinə, çevik menecmentə və icbari tibbi sığortanın gündəlik tələblərinə tam uyğun deyildi. TƏBİB məhz bu keçid mərhələsində mühüm funksiyanı yerinə yetirdi. İndi isə formalaşmış mexanizmlərin vahid strateji idarəetmə çərçivəsində əlaqələndirilməsi mərhələsinə keçilir”.

Komitə sədrinin müavini bildirib ki, Səhiyyə Nazirliyinin strateji rolunun gücləndirilməsi bütövlükdə səhiyyə sistemində koordinasiyanın təmin olunması baxımından əhəmiyyətlidir. Onun fikrincə, vahid səhiyyə siyasəti dövlət xəstəxanaları ilə yanaşı, müxtəlif dövlət qurumlarının tabeliyindəki tibb strukturlarını və özəl tibb müəssisələrini də əhatə etməlidir.
Deputat vurğulayıb ki, məqsəd bütün tibb müəssisələrini inzibati baxımdan bir mərkəzə tabe etdirmək deyil. Əsas hədəf mülkiyyət və tabelik formasından asılı olmayaraq, onların ümumi keyfiyyət standartları, hüquqi təminatlar və əlaqələndirilmiş fəaliyyət prinsipləri əsasında işləməsidir.
Rəşad Mahmudovun qənaətincə, dəyişikliklərin nəticəsi ilk növbədə pasiyentin aldığı xidmətin keyfiyyətində görünməlidir:
“Əsas məsələ qurumların adı və tabeliyi deyil, bütövlükdə səhiyyə sisteminin daha səmərəli işləməsi, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəlməsidir. İslahatların uğuru da məhz vətəndaşın gündəlik həyatında hiss etdiyi müsbət nəticələrlə ölçülməlidir”.