ABŞ Mərkəzi Asiya regionunda, xüsusilə Özbəkistanda daha əvvəl və daha geniş miqyasda fəallıq göstərməli idi.
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Özbəkistanda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Düşünürəm ki, Mərkəzi Asiya, xüsusilə Özbəkistan bizim daha erkən və daha geniş miqyasda iştirak etməli olduğumuz regionlardan biridir. Fəxr edirəm ki, bu vəziyyət təxminən 10 il əvvəl dəyişməyə başlayıb və Prezident Donald Trampın rəhbərliyi dövründə proses xeyli sürətlənib”, – Rubio qeyd edib.
ABŞ Dövlət katibi Vaşinqtonun region ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb:
“Heç bir şübhə olmamalıdır ki, ABŞ Mərkəzi Asiyanın tərəfdaşı olmaq və Özbəkistanla tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyir”.
Rubio bildirib ki, Özbəkistanla əməkdaşlıq ABŞ-ın milli maraqlarına uyğundur:
“Biz Özbəkistanla əməkdaşlıq edirik, çünki anlayırıq ki, bu ölkənin yenidən yüksəliş prosesində iştirak etmək bizim milli maraqlarımıza cavab verir”.