Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllim və ekspertləri imtahan proqramları ilə bağlı müzakirələrdə fəal iştiraka çağırıb.
Modern.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.
Məleykə Abbaszadə hər il, xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı narazılıqların yarandığını, müxtəlif çağırışların isə bəzən bu narazılıqları artırdığını bildirib.
“İmtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır. İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir”, – DİM sədri qeyd edib.
O, konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılmasını daha məqsədəuyğun sayıb.
Məleykə Abbaszadə hazırda DİM-də imtahan proqramları ilə bağlı seminarların keçirildiyini, lakin müzakirələrdə iştirak səviyyəsinin kifayət qədər aşağı olduğunu vurğulayıb.
“Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir”, – o bildirib.
DİM sədri qeyd edib ki, hər il imtahanlardan əvvəl proqram və modellər ictimaiyyətə təqdim olunur, müəllimlər, ekspertlər və digər maraqlı tərəflər müzakirələrə dəvət edilir. Məqsəd fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və suallara əvvəlcədən aydınlıq gətirməkdir.
Onun sözlərinə görə, ötən il imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək üçün imtahanlardan əvvəl və sonra anonim sorğular keçirilib. Nəticələr təhlil olunaraq məqalə şəklində hazırlanıb.
“İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək. Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir”, – Məleykə Abbaszadə əlavə edib.