Oktyabrın 20-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının iclası keçirilib.
Modern.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.
Sahibə Qafarova ötən dövrdə görülən işlərin təşkilatın fəaliyyətinin güclənməsinə töhfə verdiyini bildirib. O, Qırğızıstanın Joqorku Keneşinin və Qazaxıstanın Qurultayının yeni üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Məclisin sədri vurğulayıb ki, TÜRKPA tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqların maraqlarına parlament diplomatiyası çərçivəsində xidmət edir. Onun sözlərinə görə, Azərbaycan parlamenti təşkilat çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir.
Qeyd olunub ki, Milli Məclisin nümayəndə heyəti TÜRKPA-nın komissiya iclaslarında, müxtəlif tədbirlərində, model qanunların hazırlanmasında və seçki müşahidə missiyalarında yaxından iştirak edib. Azərbaycan parlamenti təşkilatın beynəlxalq fəaliyyətinin genişləndirilməsi və digər parlamentlərarası qurumlarla əlaqələrinin qurulması istiqamətində də təşəbbüslər göstərir.
Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibi Ramil Həsənin təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işləri təqdir edib. O, Bakıda yerləşən katibliyin fəaliyyətinin daim Milli Məclisin diqqətində olduğunu və bundan sonra da katibliyə fəal dəstək göstəriləcəyini bildirib.
İclasda üzv ölkələrin parlament sədrləri də çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildiriblər.




