Modern.az

Zəngilan: azadlıqdan Böyük Qayıdışa uzanan yol

Zəngilan: azadlıqdan Böyük Qayıdışa uzanan yol

Aktual

Bu gün, 15:25

İşğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ölkəmizin müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfərin əbədiləşdirilməsi və milli yaddaşın qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Azad edilmiş şəhərlərdə təşkil olunan bayram tədbirləri dünyaya  bir mesajdır: Azərbaycan öz tarixi torpaqlarının əbədi sahibidir. Bu tədbirlər vasitəsilə beynəlxalq müstəvidə erməni vandalizminin izləri nümayiş etdirilir, eyni zamanda, Azərbaycanın qurucu və sülhsevər dövlət kimi mövqeyi daha da möhkəmləndirilir.

Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Şəhər Günləri tarixə nəzər salmağı hər zaman bir tələb kimi qarşıya qoyur. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər.

Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.  Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşub. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.

2020-ci il sentyabrın 27-də başlanan  44 günlük İkinci Qarabağ  müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Silahlı Qüvvələrimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də  Müzəffər Ali Baş Komandan  İlham Əliyev xalqa  müraciətində bu müjdəni verdi ki, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edildi.

Vətən müharibəsində ümumilikdə Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Şəhər sıfırdan, qabaqcıl texnologiyalara və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq yenidən qurulur. Rayonda rəqəmsal idarəetmə, yüksəksürətli internet, alternativ enerji mənbələri və intellektual infrastruktur tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərimizdə “ağıllı kənd” layihəsi ilk olaraq Ağalı kəndində həyata keçirildi. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur.

Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - “ASAN”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərində təməli 2022-ci ildə qoyulmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə oldu.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Zəngilan rayonunda da bərpa-quruculuq işlərinin miqyası genişdir: “Dövlətimizin başçısı İlham Əliyevin ötən dövr ərzində Zəngilan rayonuna reallaşdırdığı 15-ə yaxın səfər görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Zəngilan şəhəri 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi ilə ölkəmizin bu sahədə zəngin təcrübəsini dünyaya təqdim etdi. Azad edilmiş şəhərlərimizin bərpa prosesində tarixi-mədəni kimliyin qorunması fonunda ən müasir memarlıq üslubları və davamlı tikinti materialları tətbiq olunur. Bu baxımdan Zəngilan şəhəri modern bir şəhər modelini təqdim edir.

Zəngilan şəhəri bu ilin may ayında ilk sakinlərini qarşıladı.  2026-cı ilin  1 oktyabr tarixinə olan məlumata əsasən,  Zəngilan şəhərində 84 ailə, 339 nəfər, Ağalı kəndinə 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndinə 179 ailə, 903 nəfər məskunlaşıb. Soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı mərhələ-mərhələ davam edir.

Malik Həsənov,
Milli Məclisin deputatı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində