Modern.az

Türkiyə siyasətində yeni zəlzələ - AK Partiya gedir, MHP gəlir

Türkiyə siyasətində yeni zəlzələ - AK Partiya gedir, MHP gəlir

Aktual

Bu gün, 10:56

Türkiyənin daxili siyasətində baş verənlər artıq adi partiyadaxili mübahisələr çərçivəsinə sığmır. CHP-də başlayan rəhbərlik böhranı, Ekrem İmamoğlu ətrafında yaranan siyasi gərginlik və partiyanın parçalanması ölkədəki siyasi tarazlığın nə qədər həssas olduğunu göstərdi. 2026-cı ilin mayında məhkəmənin Özgür Özəlin rəhbərliyini kənarlaşdıraraq Kemal Kılıçdaroğlunun geri qayıtmasına yol açan qərarı müxalifətdə ciddi qarşıdurma yaratdı. İyulda Özəlin və onunla birlikdə hərəkət edən deputatların yeni partiya yaratması bu böhranın nəticələrindən biri oldu.

Lakin Türkiyə siyasətində diqqət yalnız CHP-də baş verənlərə yönəlmir. Hakim AK Partiyanın daxilindəki narazılıqlar, gələcək rəhbərlik məsələsi və maliyyə qalmaqalları ətrafında yaranan suallar da diqqətlə izlənilir. Partiyanın qurucularından Kemal Albayrakın tənqidləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hakim partiyanın daxilindən gələn iradlar onun keçmişi ilə bugünkü vəziyyəti arasında hansı fərqlərin yarandığı barədə müzakirəni gücləndirir. Siyasi zəlzələnin növbəti episentrinin AK Partiya olacağı isə indi qardaş ölkədə kimsədə şübhə doğurmur.

AK Partiyanın qarşılaşdığı əsas suallardan biri hakimiyyətdə Türkiyəni dünyayaa rəzil edən məşhur fon və 2 milyard TL məsələsi ilə bağlı olaylardı. Eyni zamanda gələcəkdə kimə və hansı siyasi prinsiplərlə ötürüləcəyi də indi müzakirə olunur. Partiyanın tanınmış simaları arasında gələcəyə dair fərqli yanaşmaların olması bu müzakirəni daha da mürəkkəbləşdirir. 2026-cı ilin iyulunda AK Partiyanın 25 illiyi ilə bağlı tədbirdə bəzi qurucu simaların davranışları və liderlik məsələsi barədə müzakirələr mediada diqqət çəkdi. Kemal Albayrakın açıqlamaları da məhz bu ostiqamətdə oldu. O, 2023-cü ildə AK Partiyanın dini siyasi mexanizmə çevirdiyini iddia edərək belə demişdi: “Din insanın vicdanıdır, AK Parti gündemi unutturmak için dini alanları siyaset mekanizması haline getirdi”.

Albayrakın fikrincə, partiyanın ilkin prinsipləri ilə sonrakı idarəçilik təcrübəsi arasında ciddi fərq yaranıb. O, başqa bir açıqlamasında partiyada müzakirə mühitinin zəiflədiyini vurğulayaraq “Korku düşünce yaratmaz, düşüncenin olmadığı bir yerde kölelik vardır” ifadəsini işlədib.

Bu cür fikirlər yalnız Albayraka aid deyil. Hətta indi partiyanın yuxarı eşalonunda olanlar da eyni fikri bölüşürlər. Partiyaların zəifləməsi üçün narazılıqların mövcudluğu ilə yanaşı, təşkilati parçalanma, seçici dəstəyinin itirilməsi və alternativ siyasi mərkəzlərin yaranması kimi amillər də rol oynayır. AK Partiyanın gələcəyi ilə bağlı daha ciddi suallar isə maliyyə qalmaqalları ətrafında yaranan ictimai etimad böhranı ilə bağlıdır. Sentyabrın sonunda partiyanın sədr müavini olmuş Fatma Betül Sayan Kaya və həyat yoldaşının səhm əməliyyatları barədə yayılan məlumatlar geniş müzakirələrə səbəb oldu. Mediada yayılan məlumatlara əsasən, cütlüyün təxminən 163 milyon lirə investisiya qoyaraq sonradan 2,17 milyard lirə həcmində vəsait əldə etdiyi açıqlandı. Bu əməliyyatların vaxtı və mümkün məlumat üstünlüyü ilə bağlı suallar qaldırılıb, Kaya isə sentyabrın 26-da partiyadakı vəzifələrindən istefa verdi.

Məsələnin hüquqi tərəfi araşdırılmalı, iddialarla sübuta yetirilmiş faktlar bir-birindən ayrılmalıdır. Amma bu günə qədər bu məsələ barədə hansısa tədbir görüldüyü açıqlanmadı. Belə bir qalmaqalın hakim partiyanın yüksək vəzifəli nümayəndəsi ilə əlaqələndirilməsi ictimai etimad baxımından ciddi sınaq yaradır. İndi insanları siyasi şüarlar o qədər də maraqlandırmır, şəffaflığa, hesabatlılığa və hamıya eyni hüquqi meyarların tətbiq olunmasına da baxırlar.

AK Partiyanın gələcəyinə dair risklər məhz bu sualların cavablandırılma səviyyəsindən asılı olacaq. Əgər partiya daxilində tənqid imkanları daralırsa, ictimai narazılıqlar vaxtında eşidilmirsə və etik məsuliyyət məsələləri aydın izah olunmursa, daxili gərginlik artıb deməkdir. bilər. Lakin bu prosesin mütləq parçalanma ilə nəticələnəcəyini indidən söyləmək düzgün olmaz.

Belə bir şəraitdə MHP-nin rolu da xüsusi diqqət tələb edir. Milliyyətçi Hərəkat Partiyası uzun müddətdir Türkiyə siyasətində millətçilik və dövlətçilik xəttini önə çəkir. Devlet Bahçelinin rəhbərlik etdiyi MHP AK Partiyanın siyasi müttəfiqidir və buna görə hakimiyyət blokunda baş verən dəyişikliklərdən kənarda qala bilməz. Əgər AK Partiyanın daxilində ciddi zəifləmə baş verərsə, MHP-nin parlamentdəki mövqeyi və siyasi çəkisi daha böyük əhəmiyyət qazana bilər. Bu, həm də MHP-nin avtomatik olaraq ölkənin əsas siyasi mərkəzinə çevriləcəyi deməkdir. Bunun üçün ictimai dəstək, aydın proqram və geniş siyasi məsuliyyət kimi məqamların MHP-də hazırlandığı hiss olunur.

MHP qarşısında dayanan əsas məsələ mümkün siyasi dəyişikliklərə hazır olmaqdır. Bunu partiya rəhbərliyi artıq elan edib. Hazırlıq hakim partiyada yaranan boşluqdan yararlanmaq kimi başa düşülməməlidir. Bu, Türkiyənin təhlükəsizliyi, iqtisadi sabitliyi, dövlət institutlarına inamı və cəmiyyətin bütövlüyü ilə bağlı konkret mövqelərin ortaya qoyulmasını tələb edir. Türkiyə kimi regional güc üçün siyasi rəqabətin dövlət institutlarını zəiflətməməsi, milli maraqların isə partiya maraqlarından üstün tutulması vacibdir. MHP bu kimi məamlarda hər zaman ortaya çıxıb.

Azərbaycan üçün Türkiyədəki proseslər xüsusi əhəmiyyət daşıyır. Türkiyə bizim dost və qardaş ölkəmizdir. Onun sabitliyi, gücü və beynəlxalq mövqeyi Azərbaycanın da regional maraqları ilə sıx bağlıdır. Biz Türkiyənin siyasi böhranlardan güclənərək çıxmasını, daxili bütövlüyünü qorumasını və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı dərinləşdirməsini istəyirik. Türkiyənin acısı bizim də acımızdır. Bizim üçün ən vacibi yaxın zamanlarda baş verəcək dəyişikliklərin dövlətə, xalqa və gələcək nəsillərə xidmət etməsidir.

Bəli, AK Partiyanın qarşısında duran böyük və cavabsız suallar var. Kemal Albayrak və onun kimilərin dedikləri, maliyyə qalmaqalı ətrafında yaranan müzakirələr və siyasi varislik məsələsi hakimiyyətin öz daxilində hansı problemlərlə üzləşdiyini görməyə imkan verir.

MHP bu mənada mümkün dəyişikliklərə hazır olmalı, öz proqramını dövlətçilik məsuliyyəti ilə əsaslandırmalıdır. Türkiyənin gələcəyi siyasi partiyaların taleyindən daha böyük məsələdir. Bu, hər bir Türkiyə vətənaşı, dünyadakı hər bir türk üçün belədir. Çünki partiyalar dəyişə, bölünə və yenidən qurula bilər, dövlətin gücü isə hüquqa, ictimai etimada və milli birliyə söykənməlidir. Azərbaycana böyük, güclü, qardaşlığa sadiq Türkiyə lazımdır. Türkiyəyə də böyük, güclü Azərbaycan lazmıdır.

Kamil VƏLİYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı