İstanbul Türkiyə–Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat sözçüsü Səfər Qaraqoyunlu Azərbaycanda başörtüyü ilə bağlı müzakirələrə münasibət bildirib.
Modern.az xəbər verir ki, Qaraqoyunlu yanlış məlumatlarla ictimai rəyin yönləndirilməsinə qarşı çıxıb. O, Azərbaycanda başörtüyünün ümumilikdə qadağan edildiyi barədə iddiaların həqiqəti tam əks etdirmədiyini vurğulayıb.
Hər ölkənin öz qanunları və ictimai şəraiti olduğunu bildirən dərnək sədri iddiaların araşdırılmadan qəbul edilməməsinə çağırıb:
“Əlbəttə, yanlış hesab edilən tətbiqlər tənqid oluna bilər. Ancaq bir ölkəni hədəfə çevirmək, təhqir etmək və düşmənçilik dilindən istifadə etmək qəbuledilməzdir. Tənqid başqadır, düşmənçilik başqa”.
Qaraqoyunlu insan hüquqlarının siyasi maraqlara uyğun müdafiə edilə bilməyəcəyini qeyd edib. O, Türkiyə ilə Azərbaycan arasındakı bağların ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi birliyə əsaslandığını vurğulayıb.
“Bizim etirazımız tənqidə deyil, yanlış məlumatlara, ikili standartlara və qardaş xalqlar arasında düşmənçilik yarada biləcək fikirlərədir. Problemlər qarşılıqlı hörmət və dialoqla müzakirə olunmalıdır. Türkiyə–Azərbaycan qardaşlığı gündəlik mübahisələrdən daha üstün olan tarixi və milli bağdır. Bu qardaşlığı qorumaq ortaq gələcəyimizə sahib çıxmaqdır”, – o bildirib.