Modern.az

Fransadakı azərbaycanlılar səfirliyə müraciət ediblər?

Fransadakı azərbaycanlılar səfirliyə müraciət ediblər?

Aktual

Bu gün, 11:18

Fransada son günlər baş verən etirazlar və iğtişaşlar ölkədə yaşayan azərbaycanlıların da gündəlik həyatına təsir göstərir.

Modern.az xəbər verir ki, bu barədə Cənub-Qərb Mədəniyyət Assosiasiyası – Azərbaycan Evinin (Tuluz şəhəri) vitse-prezidenti Rza Mövsümov məlumat verib.

Onun sözlərinə görə, xüsusilə oktyabrın 17-də keçirilən etiraz aksiyalarından sonra bir sıra şəhərlərdə vəziyyət gərginləşib. Mövcud şəraitdə sakinlər işə və ya dərsə getməzdən əvvəl ictimai nəqliyyatın vəziyyətini və yolların açıq olub-olmadığını yoxlamağa məcbur qalırlar.

Rza Mövsümov bildirib ki, şəhər mərkəzlərində fəaliyyət göstərən kiçik sahibkarlar da yaranmış vəziyyətdən narahatdırlar. Onlar həm şəxsi təhlükəsizliklərini, həm də bizneslərinin gələcəyini düşünməli olurlar.

O, oktyabrın 24-də yeni tətil aksiyasının gözlənildiyini, həmçinin Fransanın cənubundakı bölgədə şəhərin mərkəzini əhatə edən komendant saatının tətbiq olunacağını qeyd edib.

R. Mövsümovun sözlərinə görə, komendant saatının axşamdan səhər saat 05:00-dək davam edəcəyi və həmin vaxt küçədə olan şəxslərin 750 avro cərimə edilə biləcəyi bildirilir.

Fransada yaşayan azərbaycanlıların vəziyyətinə toxunan həmyerlimiz qeyd edib ki, icmada tələbələr, işləyən şəxslər və uşaqlı ailələr var. Belə şəraitdə hər kəs ilk növbədə özünün və ailəsinin təhlükəsizliyini düşünür.

O, mövcud hadisələrlə əlaqədar Azərbaycana qayıdan konkret şəxslər barədə məlumatının olmadığını bildirib. Eyni zamanda, etirazlar zamanı saxlanılanlar arasında azərbaycanlıların olub-olmaması barədə də təsdiqlənmiş məlumatı olmadığını vurğulayıb.

Rza Mövsümovun sözlərinə görə, gündəlik həyatda əsas çətinliklər ictimai nəqliyyatla bağlı problemlər, məktəblərin tətildə olmasına baxmayaraq yollarda sıxlığın artması və bir sıra internet saytlarına haker hücumları ilə əlaqədardır.

Rza Mövsümov bildirib ki, son hadisələr fonunda Fransada yaşayan azərbaycanlılardan səfirlik və konsulluqlara müraciət edən olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şəhərləri bombalanır - Yaralılar var