Yeni müharibə təhlükəsi fonunda diplomatlar İranla danışıqları bərpa etməyə çalışırlar. Eyni zamanda, ABŞ regiondakı hərbi qüvvələrini artırır, İsrail isə İrana qarşı bir neçə gün davam edəcək zərbələr planı hazırlayıb.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton regiona aviadaşıyıcı qüvvələr və dəniz piyadaları göndərir. İsrailin hazırladığı plan isə İranın nüvə proqramı ilə əlaqəli obyektlərə, hərbi infrastrukturuna və ölkə rəhbərliyinə zərbələri nəzərdə tutur.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton noyabrın 3-nə təyin olunmuş Konqresə aralıq seçkilərədək İrana zərbələri bərpa etmək niyyətində deyil. Bununla belə, o, daha əvvəl xəbərdarlıq edib ki, Tehran davranışını tezliklə dəyişməsə, ABŞ və İsrail “başladıqları işi tezliklə başa çatdıracaqlar”.
Diplomatik səylər Pakistan və Qətərin iştirakı ilə davam etdirilir. Müzakirə olunan variantlardan biri İranın nüvə proqramı üzrə güzəştləri müqabilində dondurulmuş vəsaitlərinin bir hissəsinin sərbəst buraxılmasıdır.
Lakin tərəflərin danışıqların gündəliyi ilə bağlı mövqeləri fərqlənir. ABŞ nüvə məsələsinin müzakirəsinə çalışır, İran isə diqqəti Hörmüz boğazının açılmasına yönəltmək istəyir.