Modern.az

“Tramp marşrutu”nun layihəsi ictimai müzakirəyə çıxarılacaq

“Tramp marşrutu”nun layihəsi ictimai müzakirəyə çıxarılacaq

Aktual

Bu gün, 12:15

Ermənistanda TRIPP layihəsi çərçivəsində avtomobil yolu, dəmir yolu və elektrik xətlərinin ilkin layihələri yaxın vaxtlarda ictimai müzakirəyə təqdim olunacaq. Bundan sonra daha ətraflı layihələndirmə işlərinə başlanacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan cümə axşamı hökumətin iclasında Meğri bölgəsinə səfərinin nəticələri barədə danışarkən bildirib.

Baş nazirin müavininin sözlərinə görə, səfər zamanı hökumət üzvləri gələcək infrastruktur obyektlərinin yerləşəcəyi ərazilərlə tanış olublar. Qriqoryanı səfərdə ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, eləcə də Şəhərsalma Komitəsinin rəhbəri Eqiazar Vardanyan müşayiət edib.

Hazırkı mərhələdə layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin yaradılması nəzərdə tutulur.

Qriqoryan qeyd edib ki, dəmir yolunun marşrutu ilə bağlı vəziyyət aydındır. Sadəcə, tunellər və digər qurğuların vəziyyətini yenidən qiymətləndirmək lazım olub. Yaxın vaxtlarda bu istiqamətdə layihələndirmə işlərinə başlanacaq. Elektrik xətlərinin çəkilməsi ilə bağlı da bir çox məsələlər artıq aydındır.

Avtomobil yolunun marşrutu ilə bağlı isə müzakirələrə ehtiyac var. Çünki yolun keçəcəyi ərazidə girişi çətin olan hissələr mövcuddur.

“Biz bu məsələni həll etməliyik ki, yol tranzit daşımaları üçün rəqabətqabiliyyətli olsun”, – deyə Ermənistanın baş nazirinin müavini vurğulayıb.

M.Qriqoryanın sözlərinə görə, TRIPP layihəsini idarə edəcək Ermənistan-Amerika şirkətinin tam formalaşmasını gözləmədən hər üç istiqamət üzrə layihələndirmə işlərinə başlamaq mümkündür. Daha sonra görülmüş işlərin nəticələri həmin şirkətə təhvil veriləcək.

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan isə bildirib ki, TRIPP haqqında saziş bir gün əvvəl parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasında müzakirə olunub. Sənədin bir həftə sonra parlamentin plenar iclasında nəzərdən keçirilməsi gözlənilir.

Nazirin sözlərinə görə, Ermənistan-Amerika birgə şirkətinin yaradılması prosesi yekun mərhələdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya şəhərləri bombalanır - Yaralılar var