Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Türkiyə arasında münasibətlərin gərginləşməsinin Ermənistan üçün mümkün nəticələri barədə danışmaq istəməyib. O, Bakı və Ankara ilə münasibətlərin İrəvan üçün ayrı-ayrı istiqamətlər olduğunu bildirib.
Modern.az xəbər verir ki, Ermənistanın baş naziri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Sputnik Ermənistan” Paşinyandan Azərbaycanla Türkiyə arasındakı gərginliyin Ermənistana necə təsir göstərə biləcəyini soruşub. Həmçinin bu vəziyyətin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını sürətləndirə və ya Bakını İrəvanla sülh sazişini daha tez imzalamağa sövq edə biləcəyi barədə sual ünvanlanıb. Jurnalistlər Paşinyanın daha əvvəl səsləndirdiyi 2031-ci il tarixini də xatırladıblar.
“Bu, onların şəxsi işidir. Bizim Azərbaycan və Türkiyə ilə öz münasibətlərimiz var və bu istiqamətdə işləyəcəyik”, – deyə Ermənistanın baş naziri cavab verib.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində Azərbaycanın müəyyən şərtləri var və hazırda proseslər bu mərhələdədir.
Sərhədin açılmasına nəyin mane olduğu və Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini nəzərə almadan qərar qəbul edib-etməyəcəyi barədə suala cavabında Paşinyan Azərbaycanın sülh sazişi ilə bağlı müəyyən şərtlərinin olduğunu bildirib.