Modern.az

Ermənistana şərt qoyulmalıdır - komitə sədri

Ermənistana şərt qoyulmalıdır - komitə sədri

Aktual

Bu gün, 17:09

Azərbaycanlı itkin düşmüş şəxslərin ailələrinin Brüsseldə Avropa İttifaqı rəsmiləri ilə görüşü və keçirdikləri etiraz aksiyaları itkinlərin taleyinin müəyyənləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Ermənistanın bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün Avropa İttifaqının hansı addımları atacağı diqqətçəkən məqamlardandır.

Modern.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, azərbaycanlı itkinlərin ailələrinin məsələni Avropa Parlamentinin yerləşdiyi Brüsselə çıxarması mühüm addımdır:

“Qeyri-hökumət təşkilatlarının bu sahədə gördüyü işlər nəticəsində mübarizənin Avropa Parlamentinin yerləşdiyi məkana çıxarılması güclü iradənin ifadəsidir. Avropa Parlamenti əvvəlki dövrlərdə Azərbaycan əleyhinə müxtəlif aktlar, qərarlar və qətnamələr qəbul edib, ölkəmizə qarşı informasiya kampaniyaları aparıb. Belə bir şəraitdə Azərbaycan dövləti otuz il əvvəlki müharibənin ağır nəticələrinə də hüquqi və siyasi qiymət verilməsini tələb edir. Hesab edirəm ki, bu məsələyə siyasiləşdirilmədən, ilk növbədə insan faciəsi və sülhün təmin olunması üçün mühüm etimad tədbiri kimi yanaşılsa, daha böyük nəticələr əldə etmək mümkündür. İtkin düşmüş şəxslərin ailələri illərdir övladlarından xəbər gözləyirlər. Bu səbəbdən həmin şəxslərin taleyi, kütləvi məzarlıqların yerləri və baş vermiş hadisələr barədə məlumatların açıqlanması humanitar məsuliyyət kimi qəbul edilməlidir”.

Deputat əlavə edib ki, beynəlxalq tərəfdaşlar işğaldan azad edilmiş ərazilərin bərpası və humanitar problemlərin aradan qaldırılması istiqamətində də fəal iştirak edə bilərlər:

“Avropa ölkələri Zəngilan, Qubadlı və Kəlbəcər kimi ərazilərin bərpası, yaşayış məntəqələrinin qurulması, minaların təmizlənməsi və digər işlərdə iştirak etmək üçün təşəbbüslərlə çıxış edə bilərlər. Ukraynanın bərpası ilə bağlı irəli sürülən yanaşmalara bənzər təşəbbüslərin Azərbaycan üçün də nəzərdən keçirilməsi mümkündür. Eyni zamanda, Ermənistan hökumətindən əsir və itkin düşmüş şəxslərlə bağlı konkret addımlar atılması tələb olunmalıdır. Əgər beynəlxalq qurumlar insan hüquqları məsələlərinə bərabər yanaşdıqlarını nümayiş etdirmək istəyirlərsə, Ermənistanın rəhbərliyindən də minlərlə insanın taleyinin müəyyənləşdirilməsi istiqamətində ciddi tədbirlər görməyi tələb etməlidirlər. İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq forumlardan sonra qəbul olunan qərarlarda qarşı tərəfin də iştirakının təmin edilməsi vacibdir”.

Zahid Oruc vurğulayıb ki, itkin düşmüş şəxslərlə bağlı məsələ Azərbaycan cəmiyyətinin ortaq çağırışıdır və bu istiqamətdə beynəlxalq müstəvidə fəaliyyət daha sistemli şəkildə davam etdirilməlidir:

“Brüsselin İrəvana təzyiq göstərəcəyinə böyük ümid bəsləmirik. Bununla belə, Azərbaycan diplomatik korpusunun, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların və medianın bu istiqamətdə güclü iradə nümayiş etdirməsi, məsələni ardıcıl şəkildə gündəmdə saxlaması vacibdir. Torpaqların azad olunması ilə məsələ bitmir. Burada vətəndaşların və onların ailələrinin hüquqları da birinci yerdə dayanır. Buna görə də itkin düşmüş şəxslərlə bağlı tədbirlərin daha sistemli və geniş miqyasda davam etdirilməsinin tərəfdarıyıq”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!