Modern.az

Dövlət Komitəsinin sədr müavini ADU tələbələri ilə görüşüb 

Dövlət Komitəsinin sədr müavini ADU tələbələri ilə görüşüb 

Aktual

Bu gün, 17:07

Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun iştirakı ilə 2026-cı il – “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma və müasir şəhərsalma” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edilib.

Modern.az xəbər verir ki, tədbirdə universitetin İngilis və fransız dilləri fakültəsinin müəllim və tələbə heyəti iştirak ediblər.

Fakültənin dekanı, dosent Vəfa Babayeva giriş sözündə tədbirin əhəmiyyətini qeyd edib, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə gənclərin məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin “İxtisas ölkəsi ədəbiyyatı” kafedrasının müdiri, professor Aynur Sabitova Böyük Qayıdışın yalnız soydaşlarımızın doğma torpaqlarına fiziki qayıdışı deyil, həm də xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və zəngin mədəni irsinin dirçəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin tarixi-mədəni irsimizin qorunmasına, milli kimliyimizin möhkəmləndirilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verdiyini qeyd edib.

Daha sonra Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində ölkəmizin ali rəhbərinin bilavasitə nəzarəti ilə həyata keçirilən layihələr, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli dönüşünün təmin olunması istiqamətində görülən genişmiqyaslı tədbirlər haqqında məruzə ilə çıxış edib.

Fuad Hüseynov Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın uzun illər ərzində genişmiqyaslı məcburi köçkünlük problemi ilə üzləşdiyini diqqətə çatdırıb. Bildirib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpası keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdışı üçün zəruri şərait yaradıb.

Qeyd olunub ki, Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə müəyyənləşdirilmiş milli prioritetlərindən biridir. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və mərhələli qayıdışının, eləcə də dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Prosesin davamlılığının təmin edilməsi və qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli Sərəncamı ilə Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması tapşırılıb.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, dövlətimizin başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlər edərək, aparılan bərpa və yenidənqurma işləri ilə yerində tanış olduğu vurğulanıb. Həmçinin bildirilib ki, Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma getdikcə sürətlənir.

Fuad Hüseynov çıxışında Böyük Qayıdış prosesinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx bağlı olduğunu da diqqətə çatdırıb. O, xüsusilə 11-ci Dayanıqlı İnkişaf Məqsədinin – “Dayanıqlı şəhərlər və icmalar”ın prinsiplərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri müasir şəhərsalma yanaşmalarının tətbiqi, sosial infrastrukturun inkişafı, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi və ekoloji tarazlığın qorunması baxımından dayanıqlı inkişaf prinsipləri ilə uzlaşır.

Çıxışın ardından Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışın təbliğatı və təşviqatı çərçivəsində hazırlanan sənədli film və videoçarxlar nümayiş olunub. F.Hüseynov işğaldan azad edilmiş ərazilər haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılmasının önəmini qeyd edərək, bu xüsusda Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş maarifləndirici broşürlər barədə tələbələri məlumatlandırıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkdirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!