“Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bildirir, lakin Azərbaycanın prinsipial hesab etdiyi konstitusiya məsələsinin həlli üçün konkret addımlar atmır”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması mühüm diplomatik nəticə olsa da, davamlı sülh üçün hüquqi ziddiyyətlər də aradan qaldırılmalıdır.
O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişinin 2031-ci ilədək imzalanması və ratifikasiyası barədə açıqlaması prosesin hansı konkret addımlarla irəliləyəcəyi sualını gündəmə gətirir. Deputatın fikrincə, həmin müddəti avtomatik olaraq sazişin beş il təxirə salınması kimi qiymətləndirmək düzgün deyil. Bununla belə, İrəvan həllini gözləyən məsələlər üzrə aydın yol xəritəsi təqdim etməlidir.
Sevinc Fətəliyeva Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın konstitusiya məsələsində Azərbaycanın mövqeyini bölüşmədikləri barədə açıqlamasına da münasibət bildirib. Onun fikrincə, İrəvanın sazişi imzalamağa hazır olduğunu bəyan etməsi ilə əsas fikir ayrılığının həllinə yanaşması arasında ziddiyyət var.
Deputat vurğulayıb ki, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi gələcək münasibətlərin hüquqi təminatları ilə əlaqədardır. Onun sözlərinə görə, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanılması Bakı tərəfindən gələcək ərazi iddiaları üçün potensial hüquqi əsas kimi qiymətləndirilir.
“Hökumətlər dəyişir, parlament çoxluqları və siyasi koalisiyalar yenilənir. Lakin beynəlxalq sərhədlər və ərazi bütövlüyünün tanınması növbəti seçki dövrünün nəticələrindən asılı ola bilməz”, – deyə o bildirib.
Sevinc Fətəliyeva hesab edir ki, sülh sazişi yalnız hazırkı hakimiyyətlərin münasibətlərini tənzimləməməli, gələcək hökumətlər üçün də etibarlı öhdəliklər yaratmalıdır. Bu baxımdan Ermənistanın daxili hüquq sistemində sazişin prinsipləri ilə ziddiyyət yarada biləcək müddəaların aradan qaldırılması vacibdir.
Deputat Paşinyanın “Real Ermənistan” konsepsiyasının praktik qərarlarla müşayiət olunmasının zəruriliyini də qeyd edib. Onun fikrincə, əvvəlki siyasətdən qalan ziddiyyətlər həll edilmədən yeni dövlət strategiyasının davamlılığını təmin etmək çətindir.
O əlavə edib ki, TRIPP daxil olmaqla regional kommunikasiya layihələri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Lakin iqtisadi inteqrasiya ilə siyasi etimad paralel inkişaf etməlidir.
“Sülh müvəqqəti siyasi kompromisin nəticəsi deyil, geri dönməz dövlət seçimi olmalıdır. Əgər İrəvan həqiqətən bu seçimi möhkəmləndirmək niyyətindədirsə, bunu yalnız sazişi imzalamağa hazır olması barədə bəyanatlarla deyil, konkret hüquqi qərarlarla təsdiqləməlidir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.