Modern.az

Sülh və delimitasiya üzrə konkret addımlar gözləyirik - Arzu Nağıyev

Sülh və delimitasiya üzrə konkret addımlar gözləyirik - Arzu Nağıyev

Aktual

Bu gün, 14:52

Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr davam etsə də, Ermənistanın bu istiqamətdə konkret addımlar atmaması prosesin gələcəyi ilə bağlı suallar yaradır. Xüsusilə, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, anklav və eksklav məsələləri sülh gündəliyində aktual olaraq qalır.

Modern.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycanın humanitar, iqtisadi və siyasi istiqamətlərdə atdığı müsbət addımlara baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini ləngidir:

“Burada havadarlarının, eyni zamanda Ermənistana təsir imkanları olan dövlətlərin də rolu danılmazdır. Parlament seçkilərindən sonra belə bir fikir formalaşmışdı ki, hökumət müvafiq proqram qəbul edəcək, sülh gündəliyi üzrə konkret addımlar atacaq. Lakin bu, baş vermədi. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən, bu məsələ öz həllini tapmalıdır. Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və bunun referendum yolu ilə təsdiqlənməsidir. Çünki müəyyən müddətdən sonra sülh müqaviləsi ratifikasiya olunsa belə, Konstitusiyada dəyişiklik edilmədən parlamentdə müxtəlif addımların atılması mümkündür. Biz artıq revanşist ideyaların da şahidi oluruq”.

Deputat qeyd edib ki, Azərbaycan sülhün bərqərar olması üçün bütün proseslərdə iştirak etməyə hazırdır və son vaxtlar atdığı addımlar beynəlxalq hüquq normalarına uyğundur. Onun sözlərinə görə, Ermənistan tərəfindən sülh prosesinə dair gözləntilərin azalması narahatlıq doğurur.

Arzu Nağıyev Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması ilə bağlı səsləndirdiyi tarixlərə də diqqət çəkib. O bildirib ki, əsas məsələlərdən biri Ermənistan Konstitusiyasına nə vaxt dəyişiklik ediləcəyinin hələ də bəlli olmamasıdır:

“Yeni Konstitusiya qəbul edildikdən sonra sülh müqaviləsinin imzalanması əsas prioritet istiqamətlərdən biridir. Lakin Konstitusiya dəyişikliyinin nə vaxt baş verəcəyi hələ də sual altındadır”.

Komitə sədri anklav və eksklav məsələlərinin də vaxtaşırı Ermənistan rəsmilərinin çıxışlarında gündəmə gətirildiyini vurğulayıb. O bildirib ki, delimitasiya və demarkasiya üzrə komissiya ciddi iş aparsa da, bu məsələlərlə bağlı konkret addımlar və yeni razılaşmalar hələ də aydın deyil.

Deputatın fikrincə, sülh gündəliyinin davamlı olması üçün elə hüquqi qərarlar qəbul edilməlidir ki, gələcəkdə onların dəyişdirilməsi mümkün olmasın. O, Ermənistan rəhbərliyini bu istiqamətdə ciddi addımlar atmağa çağırıb:

“Sülhün nə qədər tez bərqərar olması Ermənistanın öz təhlükəsizliyinə, iqtisadi inkişafına və ərazi bütövlüyünə təminatdır. Buna görə də Ermənistan rəhbərliyi bu istiqamətdə çox ciddi addımlar atmalıdır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Dəhşətli hücum hazırlığı başladı - İran vurulacaq?