Vətən müharibəsində könüllü iştirak edən və 2020-ci il oktyabrın 21-də döyüşlərdə şəhid olan Ədliyyə Nazirliyinin İcra xidmətinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun əziz xatirəsi anılıb.
Modern.az xəbər verir ki, bununla əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib.
Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Ruhin Xəlilov ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Ruhin Xəlilov 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində doğulub. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirib. Bakı Asiya Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmət edib.
Sonralar Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub. Ədliyyə kapitanı idi. Vətən müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib.
Ədliyyə naziri tərəfindən ona İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilib.
Ruhin Xəlilovun adına Xırdalanda küçə veriblər. Şəhidin iki qızı, bir oğlu yadigar qalıb.
