“Ermənistan yekun sülh müqaviləsinin imzalanması istiqamətində konkret addımlar atmalıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar regionda davamlı sülh üçün mühüm diplomatik zəmin yaratsa da, bu fürsətin yekun hüquqi sənədə çevrilməsi istiqamətində hələ də ciddi maneələr qalmaqdadır”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputatın sözlərinə görə, 2026-cı ilin iyununda Ermənistanda keçirilən parlament seçkilərindən, yeni hökumətin formalaşdırılmasından və 2026–2031-ci illəri əhatə edən Hökumət Proqramının qəbulundan sonra da sülh müqaviləsinin imzalanması istiqamətində gözlənilən irəliləyiş baş verməyib:
“Azərbaycan regionda etimad mühitinin möhkəmləndirilməsi üçün mühüm addımlar atıb, tranzit məhdudiyyətlərini aradan qaldırıb və birbaşa dialoqa üstünlük verib. Lakin Ermənistan üzərinə düşən öhdəliklərin icrasını ləngidir. Ən ciddi problemlərdən biri Konstitusiya məsələsidir. İrəvan yeni Konstitusiya layihəsini hələ də ictimaiyyətə təqdim etməyib. Halbuki sülh sazişinin imzalanması üçün ərazi bütövlüyünə dair iddiaların hüquqi müstəvidə də aradan qaldırılması vacibdir. Ermənistan rəhbərliyi bu məsələdə siyasi iradə nümayiş etdirməlidir”.
K.Nurullayeva bildirib ki, TRİPP layihəsinin həyata keçirilməsinin ləngiməsi, eləcə də sərhədlərin delimitasiyası, anklav və eksklavlarla bağlı qeyri-müəyyənliklər sülh prosesinin gələcək perspektivlərinə təsir göstərir:
“Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan özü də anklav və eksklavlar məsələsində Azərbaycanla hər hansı razılaşmanın olmadığını təsdiqləyib. Buna baxmayaraq, Ermənistan mediasında müxtəlif əsassız iddialar səsləndirilir. İrəvan bu cür spekulyasiyalara deyil, konkret nəticələrə diqqət yetirməlidir”.
Deputat vurğulayıb ki, Ermənistandakı daxili siyasi mübarizə və revanşist qüvvələrin fəaliyyəti də sülh prosesinə mənfi təsir göstərir:
“Ermənistan rəhbərliyi sülh gündəliyini siyasi konyunkturadan asılı olmayan uzunmüddətli dövlət strategiyasına çevirməlidir. Cəmiyyətə sülhün alternativsizliyi izah olunmalı, revanşist çağırışların qarşısı alınmalıdır. Digər mühüm məsələ regionun böyük dövlətlərin geosiyasi rəqabət meydanına çevrilməməsidir. Azərbaycan öz müstəqil siyasəti ilə göstərir ki, Cənubi Qafqaz ölkələri regional təhlükəsizliyi və əməkdaşlığı kənar müdaxilələr olmadan təmin edə bilərlər. Sülhün yubadılması təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə regionun iqtisadi inkişafına, nəqliyyat əlaqələrinə və uzunmüddətli sabitliyinə risk yaradır”.
Qeyd edək ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya layihəsinin 2026-cı ilin sonunadək ictimaiyyətə təqdim olunmasının gözlənildiyini açıqlayıb. Baş nazir Nikol Paşinyan isə oktyabrın 22-də Konstitusiya islahatlarının həyata keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını da istisna etməyib.
Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 21-də TRİPP layihəsi üzrə tikinti işlərinin 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib. Bu isə Vaşinqton razılaşmalarının praktiki icrasının hələ qarşıdakı mərhələlərdən asılı olduğunu göstərir.