Əfqanıstanın paytaxtı Kabil şəhərinə hava hücumunda ölənlərin sayı 400-ə çatıb.
Modern.az xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Həmdullah Fitratın sözlərinə görə, Pakistan Kabildəki narkotik reabilitasiya mərkəzinə zərbə endirib.
Əfqanıstan hakimiyyətinin məlumatına görə, ən azı 400 nəfər ölüb, təxminən 250 nəfər yaralanıb.
CNN-in məlumatına görə, zərbə yerli vaxtla saat 21:00 radələrində baş verib. 2000 çarpayılıq binanın əksər hissəsi dağıdılıb. Əfqanıstan hökumət rəsmiləri hücumu "insanlığa qarşı cinayət" adlandırıblar.
Pakistan iddiaları təkzib edərək onları "yalan və yanlış yönləndirici" adlandırıb. İnformasiya Nazirliyinin açıqlamasında bildirilir ki, zərbələr yalnız hərbi obyektləri və terrorçulara dəstək infrastrukturunu, o cümlədən Əfqanıstandan fəaliyyət göstərən Pakistan yaraqlılarının bazalarını hədəf alıb.
İki ölkə arasında münaqişə 22 fevralda Pakistanın Rusiyada qadağan olunmuş "Tehrik-e-Taliban Pakistan"ın mövqelərinə hücum etməsindən sonra daha da şiddətlənib. Bir neçə gün sonra Əfqanıstanı 2021-ci ildən idarə edən "Taliban" hərəkatı Pakistanın sərhəd əyalətlərində hücuma başlayıb. Buna cavab olaraq İslamabad Talibana qarşı "açıq müharibə" elan etdi.