İran ABŞ və İsraili İslam Respublikasının rəhbərliyinin qətlə yetirilməsinə görə məsuliyyətə cəlb edilməsini istəyir.
Modern.az xəbər verir ki, bunu RİA Novosti-yə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.
“Biz bunu etməliyik. Düşünürəm ki, təkcə İran deyil, bütün beynəlxalq ictimaiyyət də məsuliyyətə cəlb olunma tələb edir. Çünki ABŞ və İsrailin etdikləri beynəlxalq sülh və təhlükəsizliyə qarşı cinayətdir. Bu, hərbi cinayət, bəşəriyyətə qarşı cinayətdir,” – deyə Baqai bildirib.
Onun sözlərinə görə, 1949-cu il Cenevrə konvensiyalarının ümumi 1-ci maddəsinə əsasən, bütün dövlətlər beynəlxalq humanitar hüquqa riayət etməyi və onun icrasını təmin etməyi öhdələrinə götürürlər.
“ABŞ və İsrailin törətdiyi vəhşiliklər bu prinsipləri pozduğuna görə hesab edirəm ki, BMT-yə üzv olan bütün ölkələr onların məsuliyyətə cəlb olunmasını tələb etməlidir,” – deyə o əlavə edib.
28 fevralda ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tel-Əviv bəyan edib ki, zərbələrin məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Donald Tramp isə İran donanmasını və müdafiə sənayesini məhv etmək niyyətində olduğunu bildirib, həmçinin ölkə vətəndaşlarını rejimi devirməyə çağırıb.
Martın 1-nə keçən gecə İran televiziyası ali lider Ayətullah Əli Xameneinin həlak olduğunu elan edib. ABŞ və İsrailin hücumları nəticəsində onun qızı, kürəkəni, nəvəsi və gəlininin də öldüyü bildirilir. İranın cənubundakı Minab şəhərində məktəbə edilən hücum nəticəsində 175 nəfər həlak olub, onların əksəriyyəti şagirdlərdir. Martın 9-da ayətullahın oğlu Müctəba Xamenei yeni ali lider seçilib.
Tehran cavab olaraq İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlar təşkil edib.