İranda səfərdə olan Pakistan ordusunun komandanı feldmarşalı Asim Munir İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb və danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Görüşün məqsədi ABŞ-İran danışıqlarının növbəti raundunun vaxtını müəyənləşdirmək olub.
Bildirilir ki, ABŞ-la İran arasında növbəti danışıqlar raundu feldmarşal Asim Munirlə keçirilən görüşdən sonra müəyyən ediləcək.
Asim Munirin rəhbərlik etdiyi Pakistan nümayəndə heyətinin İran rəsmiləri ilə bugünkü görüşlərindən sonra İran tərəfi zəruri qiymətləndirmə aparacaq və ABŞ-la növbəti danışıqlar raundu barədə qərar veriləcək.
Livandakı atəşkəs İranın növbəti danışıqlar raundu ilə bağlı qərarı üçün “müsbət siqnal” hesab olunur.
ABŞ mediasının məlumatına görə, Vaşinqton növbəti danışıqlara başlamağa hazırdır, lakin İran tərəfi danışıqların məntiqi şəkildə başlaması üçün ABŞ-ın bəzi əsas prinsiplərə əməl etməsini vacib sayır.
Pakistan ordusunun başçısı feldmarşal Asim Munir yüksək səviyyəli siyasi və təhlükəsizlik nümayəndə heyətinə rəhbərlik edərək Tehrandadır. O, İran–ABŞ danışıqlarının növbəti raunduna yol açmaq məqsədi daşıyır.
Nümayəndə heyətinin İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşəcəyi gözlənilir.