İranda uzun illər ölkənin siyasi qərarlarının mərkəzində dayanan mərhum Ali Lider Ayətullah Əli Xameneinin yoxluğu fonunda ciddi suallar yaranıb.
Modern.az xəbər verir ki, bu barədə CNN-ə danışan analitikləri bildiriblər.
Onlar onilliklər ərzində hər həftə çıxışları, müdaxilələri və strateji qərarları ilə seçilən Xamenei, xüsusilə Barak Obama dövründə nüvə danışıqları zamanı proseslərə birbaşa təsir göstərməsini xatırladaraq, indiki mərhələdə Xameninin sui-qəsd nəticəsində öldürülməsi və oğlu Müctəba Xameneinin tələsik şəkildə varis elan edilməsinin ölkədə yeni və qeyri-müəyyən mərhələnin başlanğıcı kimi qiymətləndirildiyini qeyd ediblər.
Analitiklərin fikrincə, diqqətçəkən məqamlardan biri də yeni liderin ictimaiyyət qarşısına çıxmaması və birbaşa müraciətlər etməməsidir. Onun ilk mesajının belə dövlət televiziyası vasitəsilə aparıcı tərəfindən oxunması hakimiyyətin real idarəetmə mexanizmləri ilə bağlı şübhələri artırdığını irəli sürürlər.
Maraqlıdır ki, bu proseslər İran və ABŞ arasında diplomatik təmasların intensivləşdiyi bir dövrə təsadüf edir. Ekspertlər hesab edir ki, əsas sual yeni liderin bu danışıqlarda hansı rolu oynadığı ilə bağlıdır: o, prosesə nəzarət edirmi, yoxsa ölkədə faktiki idarəetmə boşluğu yaranıb?
İranın ənənəvi siyasi modelində ali liderin açıq dəstəyi olmadan hər hansı beynəlxalq razılaşmanın mümkün olmadığı nəzərə alınarsa, hazırkı vəziyyət yeni siyasi mərhələnin başlanğıcı kimi də dəyərləndirilir.
CNN-ə danışan analitiklər bildirir ki, əgər bu qeyri-müəyyənlik davam edərsə, İranın daxili siyasi sistemi və xarici siyasət kursu ilə bağlı suallar daha da dərinləşəcək.