Bu gündən Ermənistanda 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkiləri üzrə seçki kampaniyasına rəsmi olaraq start verilib.
Təşviqat dövrü 5 iyuna qədər davam edəcək.
Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 19 siyasi qüvvəni qeydiyyata alıb.
Modern.az xəbər verir ki, sabiq prezident, Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan seçkilərdə iştirak etmir.
Qeyd edək ki, ölkənin üçüncü prezidenti olmuş Serj Sarkisyan bu il aprelin 4-də keçirilən qurultayda yenidən Ermənistan Respublika Partiyasının sədri seçilib.
Lakin Sarkisyan partiyasının seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
O bildirib ki, Ermənistan Respublika Partiyası seçkilərdə birbaşa iştirakdan imtina etsə də, ölkədə siyasi hadisələrin ön cərgəsində qalmağa davam edəcək.
Sarkisyan qeyd edib ki, üçüncü prezident kimi rəhbərlik etdiyi partiyanın seçkilərə qatılmaması mübarizədən imtina demək deyil.
Onun sözlərinə görə, partiya seçkilərdə iştirak etməmək qərarını müxalif düşərgəni daha da parçalamamaq üçün verib:
“Biz seçkilərdə iştirak etmirik ki, müxalif qüvvələr daha da bölünməsin. Bizim seçicilərimizin səsləri itmir, onlar müxalifətin səslərinə qoşulacaq. Bu qərar asan qəbul edilməyib”.
Sarkisyan bəyan edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.
Seçkilərdə əsas mübarizənin “Vətəndaş Müqaviləsi” Partiyası (sədr Nikol Paşinyan), “Güclü Ermənistan” Bloku (lider Samvel Karapetyan), “Ermənistan” Partiyalar Bloku (lider Robert Köçəryan) arasında gedəcəyi proqnozlaşdırılır.
A.Qorxmaz