Bolqarıstan Xalq Məclisi yeni hökumətin tərkibini təsdiqləyib və “Proqressiv Bolqarıstan” Partiyasının lideri Rumen Radevni ölkənin yeni Baş naziri seçib.
Modern.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Rumen Radev 2017-2026-cı illərdə Bolqarıstan prezidenti vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında baş nazirin istefasından sonra təyin edilən seçkilərdə iştirak etmək məqsədilə prezident postundan vaxtından əvvəl ayrılıb.
Radev hakimiyyəti dövründə Ukraynaya hərbi yardım göstərilməsini və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tənqid edib.
Qeyd edək ki, Rumen Radev 2017-ci ilin oktyabrında və 2024-cü ilin mayında Azərbaycana rəsmi səfərlər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər keçirib. Səfər zamanı Radev Azərbaycanı Bolqarıstan üçün "etibarlı tərəfdaş" və "dost ölkə" kimi xarakterizə edir. O, iki ölkəni dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmətin birləşdirdiyini vurğulayıb.