Ermənistanın Baş naziri Nikol Pashinyan Zəngəzur vilayətində (Sünik) seçkiqabağı kampaniyasını davam etdirir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan çıxışları zamanı hakimiyyəti ərazi itkilərində ittiham edənlərlə razılaşmayıb.
“Biz ərazi itirməkdə ittiham olunuruq. Qəti şəkildə demək istəyirəm: biz ərazilər itirməmişik! Çünki bizə bizim və bizə məxsus kimi təqdim edilən ərazilər nəinki bizə aid deyildi, əksinə, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində sahiblik və aidiyyət hüququmuzu zəiflətmək üçün istifadə olunurdu”, - deyə Paşinyan Qarabağı nəzərdə tutaraq bildirib.
Paşinyanın sözlərinə görə, “Qarabağ hərəkatı” erməni xalqı üçün taleyüklü səhv olub.
O qeyd edib ki, 1990-cı illərdə Ermənistanın Qarabağ münaqişəsindəki qələbəsi haqqında çox şey deyilib.
“Bəs qalib Ermənistanda rifah, azadlıq və ifadə azadlığı var idimi? "Qarabağ hərəkatı" ilə bağlı amillər dövlətimizin tərəqqisinin qarşısını almaq üçün istifadə edilib. Bizi aldadırdılar və Qarabağ naminə pis yaşadığımız fikrini aşılayırdılar”, - deyə o qeyd edib.
Nikol Pashinyan həmçinin əmin edib ki, Ermənistanın heç bir hakimiyyəti Qarabağ üçün “Vətəndaş müqaviləsi” partiyası qədər iş görməyib.
Paşinyan əlavə edib ki, məhz Ermənistanın hesabına qondarma "Dağlıq Qarabağ"da yüksək maaşlar və pensiyalar var idi.
"Bunu unudan insanlar isə nankordurlar və aldıqlarını inkar edirlər”, - deyə Paşinyan bildirib.
Baş nazir Ermənistanın sağ qalma dövründən çıxdığını bəyan edib.
"Yaşamağın vaxtı gəlib çatıb", - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, gələcək artıq gəlib - pensiya artımları və sülhlə.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkidə 19 siyasi qüvvə iştirak edəcək: 2 blok və 17 partiya.